Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır – Həkim

Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır. Bunu
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə deyib.
AzerTimes Mir-Riad Cavadzadə ilə
müsahibəni təqdim edir

Mir-Riad müəllim, dermotoloji xəstəliklərin əsas yaranma
səbəbləri nələrdir?

– Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır.
Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və
həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri
bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən
bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında
dəri sarımtıl rəngə çevrilir, qızılca, məhmərək, suçiçəyi kimi
ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür.
Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını
göstərə bilər və s.
Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik
xəstəliklər, daxili organların, sinir sisteminin xəstəlikləri,
hipo- və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı)
və s.) əmələ gəlməsində böyük rol oynayır.
Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin
səbəbi ola bilər.

– Əhali arasında daha çox hansı dəri xəstəlikləri geniş
yayılıb?

– Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər.
Ən çox qarşılaşdığımız dəri xəstəliklərə akne (piy vəzlərinin
tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri
xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri
xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və
s.
Dəri xəstəliklərindən əziyyət çəkən insanlar fiziki narahatlıq hiss
edirlər, təsirlənmiş əraziləri sıx paltar altında gizlədirlər və ya
çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər.
Xoşbəxtlikdən, müasir dermatologiya dəri xəstəlikləri ilə uğurla
mübarizə aparır.

– Saç tökülməsi və dırnaqların tez-tez qırılmasının səbəbi
nədir?

– Saç tökülməsinin və dırnaqların qırılmasının səbəbləri çoxdur.
Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan
sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış
pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmamazlığını
ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim
məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin
zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində
iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər
yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün
orqanizmə mənfi təsir göstərir.

– Nazirliyin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar
tərəfindən mövsümi dəri xəstəlikləri ilə bağlı çoxsaylı suallar
daxil olur. Stres səbəbiylə yaranan dəri xəstəlikləri
hansılardır?

– Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin
(atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.)
kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və
dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa
səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi
kəskinləşməsi başlayır.
Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki
dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır.
Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə
olunur.

– Mir-Riad müəllim, dəri xəstəliklərindən əziyyət çəkənlərdə adətən
hansı vitamin çatışmazlığı olur?

– Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı
dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər
müşayiət olunur. Dermatovenerologiyada vitaminlər və onların
müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan
dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni
dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə
olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12)
çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik
dermatit və s, C vitaminin çatışmazlığı allergik dermatozlar,
xroniki atrofik akrodermatit və s, A vitaminin çatışmazlığı akne,
psoriaz, saçların və dirnaqlarin distrofiyası və s, D vitaminin
çatışmazlığı dəri vərəmi, psoriaz və s, E vitaminin çatışmazlığı
isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini
yarada bilər.

– Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır
və müalicəsi varmı?

– Uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi
vitiliqo xəstəliyidir. Elmi adı vitiliqo, el arasında ala xəstəliyi
adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu
pozğunluqlar melanositlərin – piqment hüceyrələrinin – lezyon
mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən
yaranır .
Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20
yaşadək, xəstələrin üçdə birində – 12 yaşa qədər müşahidə olunur.
Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır.
Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz
kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo
ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar
arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil
edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır.
Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya
aparılır.
Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə
xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq
məsləhətdir.

– Ocaqlı alopesiya xəstəliyinin yaranmasına stres nə dərəcədə
təsir edir?

– Ocaqlı dazlıq və ya ocaqlı alopesiya tala-tala saç tökülməsi
ilə müşahidə olunan xroniki saç xəstəliyidir. Elmi adı “aloepcia
areata” olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil,
bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Bir
qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır.
Xəstəlik hər iki cinslərində eyni faizda olur.
Qeyd edim ki, ocaqlı alopesiya əksər hallarda streslə əlaqədardır.
Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin
əsas səbəbini kimi hormonal dəyişikliklər, ümumi xəstəliklər, yaş
və ya dərmanların qəbulu yox, stresi əsas amil kimi qəbul
edirlər.

Teqlər: