Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə
hazırlanmış Şabran şəhərinin Baş planı Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə
təsdiq edilib. Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış
Şabran şəhərinin sayca üçüncü Baş planı 2038-ci ilə qədərki dövrü
əhatə edəcək. Yeni ərazi planlaşdırılması sənədində şəhər
ərazisinin zonalaşdırılması zamanı prioritet inkişaf istiqamətləri
öz əksini tapıb.
Komitədən Trend-ə bildirilib ki, Baş plana əsasən hesabat
müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 34,500 nəfərə
çatması gözlənilir. Əhalinin artım səviyyəsinə əsasən rahat həyat
şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin
inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi və
adambaşına düşən ümumi yaşayış sahəsinin 18,8 m2-dən 25 m2-ədək
artırılması nəzərdə tutulur. Həmçinin iqtisadi imkanların
genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün
sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların
yaradılması planlaşdırılır. Eyni zamanda, yaşayış rayonlarında
əhalinin mədəni, sosial tələbatının ödənilməsi məqsədi ilə ictimai
mərkəzlərin formalaşdırılması, məktəb və bağçaların inşası, məhəllə
parklarının salınması təklif edilir.
Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı
sistemlərinin inkişafı, eləcə də ətraf mühitin sağlamlaşdırılması
məsələləri də əsas məqsədlərdəndir. Belə ki, Baş plan çərçivəsində
küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 5,68 km-dən 13,41 km-ə
çatdırılması, yeni körpülərin salınması, yaşayış və sənaye
zonalarının ətrafında yaşıl dəhlizlərin yaradılması
planlaşdırılır.