Sabiq polis rəisi İlkinin əleyhinə ifadə verməyimi tələb edirdi – Nərminin məhkəməsi

Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar
Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham
olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası
keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə vəkillərin suallarını cavablandıran, İlkin
Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov
deyib ki, hadisədən sonra Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi
Şirzad Əsgərov ondan İlkinin əleyhinə ifadə tələb edib.

“Şirzad Əsgərov mənə təzyiq edirdi ki, hər yerdə İlkinin qatil
olduğunu deyim. Mən imtina etdiyim üçün rəis barəmdə şikayətlər
yazdı. Mənə və yaxınlarıma qarşı olan təzyiqlərə tab gətirə
bilmədiyimə görə, bir müddət sonra daxili işlər orqanlarından
ayrıldım”, – deyə şahid bildirib.

Proses aprelin 11-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar
Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim
oğlu tutularaq istintaqa cəlb edilib.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət
Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov
götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz
azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilib.

Teqlər: