Sabahdan 3-cü dozanı qəbul etməyən sürücülərlə bağlı tədbirlər görüləcək – DİN

Xəbər - Fərid Zöhrabov – Trend:

Sabahdan 3-cü dozanı qəbul etmədən avtobus və taksi fəaliyyəti
ilə məşğul olan sürücülərlə bağlı tədbirlər görüləcək.

Bunu Trend-ə Daxili
İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru
Elşad Hacıyev bildirib.

O qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var.
Həmin qərara uyğun olaraq tədbirlər icra olunacaq.

Belə ki, qaydalara əməl etməyən sürücülərlə bağlı Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq
tədbirlər görüləcək.

E.Hacıyev bildirib ki, karantin qaydalarının qorunması və
gözlənilməsi diqqət mərkəzində saxlanılır. Qapalı məkanlarda,
ictimai nəqliyyatda nəzarət profilaktik tədbilərin həyata
keçirilməsi gündəlik işin əsas tərkib hissəsidir.

Qeyd edək ki bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il
tarixində “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Fevralın 15-dən isə COVID sertifikatlarının etibarlılıq müddəti
COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat
üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının
istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1
dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19
xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik
olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən
sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması
nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Teqlər: