Saatlının içməli su təminatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına
uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd
əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə
layihələrin icrasını davam etdirir. Novruz bayramı ərəfəsində
Saatlı rayonunun Orta Muğan kəndində əks-osmos tipli sutəmizləyici
qurğu istismara verilib.

“Azərsu”dan
Trend
-ə verilən məlumata görə, Saatlı rayonunun əvvəllər
Qarayevkənd adlanan Orta Muğan kəndinin içməli su təchizatı
indiyədək modul tipli sutəmizləyici qurğu hesabına təmin olunub.
2010-cu ildə quraşdırılmış modul tipli sutəmizləyici qurğuda
suvarma kanalının suyu təmizlənərək əhaliyə verilirdi. Qurğu uzun
illər istifadə olunub və istismar müddətini başa vurub. Üstəlik,
son illər suvarma kanallarında suyun azalması və bəzi hallarda
quruması nəticəsində qurğunun istismarı mümkünsüz olub. Bu səbəbdən
son illər yay aylarında kənd sakinlərinin içməli su təminatında
ciddi problemlər yaranırdı. Həmin dövrdə əhalinin içməli su
təminatı uzaq məsafədən maşınlarla daşınan su hesabına ödənilirdi.
Bütün bunlar nəzərə alınaraq kənddə yaranan su çatışmazlığının
həlli məqsədilə yeni layihənin icrasına başlanılıb. “Azərsu”
ASC-nin daxili imkanları hesabına həyata keçirilən layihə
subartezian quyusunun qazılması və buradan çıxarılan codluğu yüksək
olan suyun içməli su standartları səviyyəsində təmizlənməsini
nəzərdə tutur. Bu məqsədlə ərazidə subartezian quyusu qazılaraq
işlək vəziyyətə gətirilib. Quyudan çıxan su 20 kubmetr tutumu olan
xam su anbarında toplanır. Emala ötürülən su ABŞ istehsalı olan
əsk-osmos tipli sutəmizləyici qurğuda əvvəlcə qum və kömür
süzgəclərindən keçirilir. Emal zamanı su əks-osmos qurğusunun 0,001
mikronluq süzgəclərində bütün asılı maddələr, virus və
bakteriyalardan təmizlənir. Təmizlənmiş su 20 kubmetr həcmli təmiz
su anbarına toplanır.

Emaldan keçən su şəbəkəyə ötürülməzdən öncə zərərsizləşdirilir.
Suyun keyfiyyətinə regional laboratoriyanın səyyar laboratoriyaları
tərəfindən mütəmadi nəzarət olunur. Şəbəkəyə ötürülən su ümumi
istifadə üçün quraşdırılmış 15 bulaq vasitəsilə sakinlərə
çatdırılır. Yeni qurğu Saatlı rayonunun Orta Muğan kəndinin 3 minə
yaxın sakinini keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin
edir.

Teqlər: