Rusların Qarabağda “vəzifəsi” – Şoyqu kimi “qoruyur”?

Rusların Qarabağda “vəzifəsi” – Şoyqu kimi “qoruyur”?

Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir. “Gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulur”, – deyə nazir açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Şoyqunun bu sözlərində ziddiyyət var:

“Qarabağda sülh bərpa edilib və Şoyqunun təbirincə desək, Azərbaycanın kənar “qaranta” ehtiyacı yoxdur. Buna baxmayaraq, Kremlə elə gəlir ki, Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidirlər. Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir.

Bu arada, Rusiya Müdafiə Nazirliyindən fərqli bir açıqlama da yayımlanıb. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığının ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib. Görünür, Kreml rusiyalı sühməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. Çünki rusiyalı hərbçilərin Qarabağda başqa məşğuliyyəti qalmayıb.

Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır. Deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər. Azərbaycanda minaların təmizlənməsiylə ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik) təşkilatı məşğuldur. Bu təşkilat minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib və onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rusiyalı hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur. Azərbaycan Qarabağda minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsini bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq, sadəcə bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı”.

Ekspert qeyd edib ki, rusiyalı sülhməramlıların Azərbaycanda qalmalarının gərəkliliyini dəstəkləyən yerli ekspertlər arasında belə bir fikir də var ki, onlar Qarabağı tərk etsələr, bölgəyə Fransa, ABŞ və ya beynəlxalq təşkilatlardan birinin sülhməramlıları daxil ola bilər:

“Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələri Qarabağa daxil ola bilməz. Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik”.

Teqlər: