Rusların Bakı hücumu zamanı möcüzə… – Foto

Rusların Bakı hücumu zamanı möcüzə… – Foto

El arasında “Sınıq qala” adı ilə tanınan Məhəmməd məscidi İçərişəhərdə Baba Kuhi məscidi aşkara çıxarılanadək üstündə dəqiq tikilmə tarixi olan ən qədim abidə hesab olunurdu. Daş kitabə də bunu təsdiq edir. Orada qazıntı işləri aparılarkən bir neçə mədəniyyət qatı aşkar edilib. Bu, Bakının qədim yaşayış məskəni olduğunun göstəricisidir.

AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, XX əsrin da 60-cı illərində burada genişmiqyaslı qazıntılar aparılıb və antik dövrə aid sütun, məscidin özülündə isə atəşpərəstlik dövrünə aid məbədin qalıqları aşkarlanıb:

“Bu tikilinin tarixi çox qədimdir, çünki islam dinindən qat-qat öncələrə gedib çıxan bir məbədin üzərində tikilib. Lakin mənbələrdə qeyd edilir ki, bu məscid XI əsrdə inşa edilib. Çünki məscidin şimal tərəfindəki kufi xətti ilə yazılmış kitabədə deyilir: “Rəhimli və Rəhman olan Allahın adı ilə. Bu məscidin binasını (tikməyi) əmr etdi Ustad ər-Rəis Məhəmməd ibn Əbu Bəkr, dörd yüz yetmiş birinci il”.

Ər-Rəis ifadəsi o dövr üçün dövlət qulluğu nöqteyi-nəzərindən baxsaq Məhəmməd bin Əbubəkirin vəzifəsini müəyyən edir. “Ustad ər-Rəis indiki şəhər icra başmısı anlamına gəlir.

Bu məscid Səlcuqların Azərbaycanda hakimiyyətdə olduğu dövrdə inşa edilib. İnşa deyəndə, atəşpərəst məbəd üzərində yaradılıb. Bunun isə tarixi 1078-1079-cu illərdir.

Məscidin memarlığında Şirvan-Bakı ilə yanaşı, qəribədir ki, Alban memarlıq üslubunun elementlərindən də istifadə edilib. Məscidin kompozisiyası barədə internetdə kifayət qədər material var. Mənim diqqətimi çəkən minarədir.

Məscidin minarəsi silindr şəklində olub, yuxarıya getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən müşahidə məntəqəsi kimi istifadə edilmişdir. Və Bakının ən qədim məscidlərindən biri olan Məhəmməd məscidinin “Sınıq qala” adı almasının səbəbi də məhz bu minarə olub.

Rusların Azərbaycanı işğal etməsi dövründə Bakı onlar üçün önəmli şəhər sayılırdı. Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib edir. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa şərait yaradacaqdı.

Bakının işğalı haqqında göstəriş M.A.Matyuşkinə 1722-ci il noyabrın 4-də Böyük Pyotr tərəfindən verilmişdir. Orada deyilirdi ki, gələn ilin yayında şəhər rus ordusunun nəzarətinə keçməlidir. Qış və yaz aylarında hərbi əməliyyatlara fəal hazırlıq görülür.

1723-cü il iyulun 17-də general Matyuşkinin başçılıq etdiyi rus eskadronu Bakıya yaxınlaşır. Bakı o vaxt 3-4 min əhalisi olan kiçik liman şəhəri idi. Ancaq bu, yalnız ilk baxışdan görünür. Əslində bu, 40-a yaxın yaşayış məntəqəsinin yerləşdiyi Abşeron yarımadasının mərkəzi qalasıdır. Üstəlik, bütün region üçün böyük iqtisadi əhəmiyyət kəsb edirdi. Buna görə də şəhər çox ciddi şəkildə möhkəmləndirilmişdi.

Bakılılara təslim olması ilə bağlı uğursuz danışıqlardan sonra iyulun 21-də Matyuşkin şəhəri asanlıqla ələ keçirmək ümidi ilə hücum əmri verir. Lakin qəhrəman bakılılar ruslara ağır müqavimət göstərirlər. Həmin gün rus ordusu tərəfindən axşama qədər Bakıya 94 mərmi atılır. Rus general ümid edir ki, şəhər təslim olacaq. Lakin döyüşkən bakılılar ruslara ağır zərbələr endirməkdə davam edirlər. Beş gün quruda davam edən döyüş rusları geri çəkilməyə məcbur edir. Məğlubiyyətin astanasında olan rus general ordunu geri çəkilib şəhəri top atəşinə tutmaqda davam etməyi əmr edib şəhərə dənizdən hücum etmək planı qurur. Ordu mayoru İ.Q.Gerberin rəhbərliyində rus əsgərləri iki dəfə sahilə yaxınlaşıb, quruya düşüb döyüşə girsələr də, bakılılar onların üzərinə qəhrəmancasına gedərək çoxunu məhv edə bilirlər. Ruslar görürlər ki, yerlilər ilə quruda döyüşdə məğlub olacaqlar, hamısı gəmilərə geri qayıdır və yeddi gəmi şəhərə yaxınlaşaraq yarımdairə şəklində lövbər salır. Əmrə əsasən, hekbotlardan ikisi şəhərə atəş açmalı, beşi isə şəhər divarlarını dağıtmalı idi. İlk olaraq mühasirədəkilər toplardan şəhərə yaxınlaşan rus gəmilərinə atəş açmağa başlayır. Lakin rus gəmiləri mövqe tutub toplardan bakılılara cavab atəşi açanda Bakının müdafiəçiləri bir saat belə davam gətirə bilməyərək toplarını qoyub qalaya doğru geri çəkilir.

İki tərəfdən top atəşinə qarşı mübarizə aparmaq çətin olduğu üçün şəhər ağsaqqalları ağ bayraq qaldırıb təslim olmaq istəyəndə möcüzə baş verir. Rusların atdığı toplardan biri Məhəmməd məscidinin minarəsinə dəyir, onun zərbədən qopan hissəsi küləyin təsiri ilə gedib 7 gəminin düz ortasına düşür və rus gəmiləri arasında bağlanan zəncirlər onları dənizin dibinə dartır. Ruslar qorxuya düşüb dərhal zəncirləri bir-birindən ayırıb, dəniz hücumundan vaz keçib, geri çəkilirlər. Minarənin qopan hissəsi və məhz küləyin onun ora qədər gətirməsini İlahinin cəzası hesab edib, dərhal ordan uzaqlaşırlar.

Hətta rus mayoru I Pyotra bu hadisə barədə məktub yazır ki, bəs Bakını Tanrı qoruyur. Məktubun orjinalı burada:

Qeyd edim ki, top zərbələrindən Mərdəkanda qədim qala da zədə görüb..

Lakin general Matyuşkinin inadı sonda nəticə verir. İyulun 26-da davam edən atışma zamanı qala divarı praktiki olaraq dağılır. Şəhər hökuməti şəhərin təslim edilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəlir. İyulun 28-də qarnizonun rəisi Dərgah Qulubəy təslim olduğunu elan edir və qapıları açır. Qoşunlar bütün küçələri, qüllələrdəki postları, silah anbarlarını zəbt edir.

Bu hadisədən sonra Məhəmməd məscidi “Sınıq qala” adını alır. Bakılılar məscidin minarəsinin “möcüzəsinə” inandıqları üçün XIX əsrin sonlarına qədər imkan vermirlər ki, orda bərpa işi həyata keçirilsin.

XX əsrin əvvəllərinə kimi Sınıq qala birmərtəbəli məscid olmuşdur və onun tutumu uca minarəsinə nisbətdə kiçik görünmüşdür. İki yandan ona yapışdırılmış binalardan azad olduqdan sonra abidənin alt qatı üzə çıxdı. Minarə ilə məscid binasının ilkin uyarlığı bərpa edildi.

Bu günün özündə də minarayə baxanda bərpa edilməsinə baxmayaraq, topun zərbəsindən dağılmış hissəsini sezmək olur”.

Teqlər: