Rusiyaya qarşı nüvə təlimləri başladı – Zaxarova

Rusiyaya qarşı nüvə təlimləri başladı – Zaxarova

NATO-nun nüvə təlimləri (“Steadfast Noon”) Avropa qitəsində sabitliyə xidmət etmir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu cür manevrlər, şübhəsiz ki, Avropa qitəsində mövcud vəziyyətin sabitliyinə heç bir töhfə vermir. Bunun fonunda alyansın təlimlərin guya müdafiə xarakterli olması ilə bağlı səs-küylü bəyanatları yenə boş sözlərə çevrilir”, – XİN sözçüsü bildirib.

Zaxarova hərbi manevrlərdə iştirak edən ölkələrin əksəriyyətinin qeyri-nüvə statusuna malik olmasına diqqət çəkib:

“ABŞ Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin fundamental prinsiplərini pozaraq, uzun müddətdir ki, nüvə silahı olmayan ölkələrə nüvə silahından istifadə etməyi öyrədir. Guya çoxdan planlaşdırılan və müntəzəm təlimlərdən danışdıqlarını bəyan edən alyans liderləri ölkəmizi “məsuliyyətsiz nüvə ritorikası”nda ittiham etməyə çalışırlar”.

Oktyabrın 17-dən 30-dək NATO-nun təlimləri keçiriləcək, məqsəd alyansın nüvə qüvvələrini sınaqdan keçirməkdir. Bu il təlimlərin qərargahı Belçikadakı Kleyn Brogel aviabazasıdır. Manevrlərə alyansın 14 ölkəsindən 60-a qədər müxtəlif tipli təyyarə cəlb olunub. Əvvəlki illərdə olduğu kimi, ABŞ-ın B-52 strateji bombardmançı təyyarələri də manevrlərə qatılacaq.

Teqlər: