Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, AQTA-nın Rusiya Federasiyasının müvafiq qurumu (Rosselxoznadzor) ilə birgə apardığı işlər nəticəsində ötən dövr ərzində 205 müəssisənin pomidor ixracına icazə verilib ki, onların 2021-ci il üzrə ixrac proqnozu 360133 ton təşkil edir.
“Həmçinin, 70 müəssisənin alma ixracına icazə verilmişdir ki, həmin müəssisələrin 2021-ci ildə ixrac proqnozu 153,397 ton təşkil edir. Görülən işlər çərçivəsində payız mövsümündə əkin aparan bütün pomidor müəssisələrində dəfələrlə monitorinqlər keçirilərək virusoloji müayinələr aparılıb, ancaq heç bir təsərrüfatda bu vaxtadək bitki mənşəli virus aşkarlanmayıb. Lakin bəzi təsərrüfatların ixrac olunan yük partiyasında Agentlik tərəfindən aparılan virusoloji müayinələr zamanı pepino mozaik və qonur qırışıqlıq virusu müəyyən edilib. Aşkar olunan uyğunsuzluqların araşdırılması zamanı təsərrüfatlarda virus aşkarlanmadığı halda, yük partiyalarında aşkarlanması ixrac olunan partiyaların başqa təsərrüfatlara məxsus olduğunu deməyə əsas verir” – deyə, Qoşqar Təhməzli bildirib.