Rusiyanın düşmən Tiflisə töhfələri – Markedonov

Rusiyanın düşmən Tiflisə töhfələri – Markedonov

Gürcüstan-Rusiya və Gürcüstan-Ukrayna münasibətlərini bir sözlə xarakterizə etməyə çalışsaq, onda paradoks ən geniş tərif olacaq.

Özünüz mühakimə edin: Moskva ilə Tiflis arasında diplomatik münasibətlər yoxdur, gürcü cəmiyyəti Abxaziya və Cənubi Osetiyanın itirilməsinə görə Rusiyanı məsuliyyətli hesab edir, Moskva isə Gürcüstanın NATO-ya üzv olmasından qorxur. Gürcüstan MDB-dən çıxmaq üçün presedent yaradıb, ABŞ və AB-ni özünün strateji müttəfiqi hesab edir. Lakin 2022-ci ilin nəticələrinə görə, Rusiya Gürcüstanın Türkiyədən sonra ikinci ticarət tərəfdaşıdır. Ötən il Tiflisin Kremlə ixracı təxminən 9% artıb. 2022-ci ildə Rusiyadan Gürcüstana 2 milyard dollardan çox transfert həyata keçirilib. Həmçinin, Gürcüstanda ÜDM demək olar ki, 10% artıb və burada Rusiyanın töhfəsi böyükdür.

AzerTimes xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markedonov deyib.

O qeyd edib ki, bu il Gürcüstan-Ukrayna Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasından 30 il ötür. Hər iki ölkə 2008-ci ilin aprelində NATO-ya dəvət alıb:

“Gürcüstan və Ukrayna “rəngli inqilablar” üçün nümunə ölkələr sayılırdı. Birlikdə GUAM-ı yaratdılar, bir-birinin ardınca Şengen vizası aldılar, Şərq Tərəfdaşlığı layihəsində fərqlənən tələbələr üçlüyünə (Moldova ilə birlikdə – red.) çevrildilər. Buna baxmayaraq, Ukrayna-Rusiya müharibəsi zamanı Tiflis antirusiya sanksiyalarına qoşulmadı, şimal qonşusu ilə münasibətlərin pisləşməsi bahasına Qərblə münasibətlərini “kapitallaşdırmaqdan” imtina etdi. Nəticədə Tiflis Kiyev və Kişinyovdan fərqli olaraq, AB-yə namizəd statusundan məhrum edildi.

Bu paradoksları necə izah etmək olar? Gürcüstan Kremldən uzaqlaşmaq istəsə də, həmişə totallıqdan qaçıb. Onun Ukraynadan əsas fərqi budur. 2008-ci ildə “beşgünlük müharibə”dən sonra da Gürcüstanda Rusiya biznesinin iştirakı azalmayıb, əksinə artıb. Bu gün qəribə görünür, amma ruslar üçün giriş vizalarını ləğv edən Mixail Saakaşvili olub. O getdikdən sonra isə Tiflis Kremllə “qırmızı xətləri keçmədən” (Abxaziya və Cənubi Osetiya – red.) normal münasibətləri bərpa etdi. Bəli, burada paradoksların paradoksu var. Tiflisin xarici siyasət prioritetləri daxili uyğunlaşmalardan çox asılıdır. Bugünkü Gürcüstanın xarici siyasət praqmatizmi təqdirəlayiq haldır. Ancaq bu amil “hər şey əladır” mənzərəsi yaratmamalıdır. Hazırkı hökumətə qarşı müxalifət çox ukraynapərəstdir, eynən prezident Salome Zurabişvili kimi (parlament respublikasında onun səlahiyyətləri məhduddur – red.). Hakimiyyətin əleyhdarları isə hərəkətə keçmək niyyətindədirlər. Üstəlik bura xarici təzyiqləri də əlavə edin”, – o bildirib.

Teqlər: