Rusiyadan idxal edirik: əsas hədəfimiz isə budur

Rusiyadan idxal edirik: əsas hədəfimiz isə budur

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə toxunulan mövzulardan biri də ərzaq təhlükəsizliyi ilə bağlıydı. Müxbirin hazırda qiymətlərin durmadan artması, özəlliklə taxıl qıtlığının dünyada başlıca mövzulardan birinə çevrilməsi və respublikamızda bu yöndə görülən tədbirlərlə əlaqədar sualına cavab verərkən ölkə başçısı belə dedi:

“Biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.

Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, – əgər belə demək mümkündürsə, – idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır”.

Sözünə davam edən Prezident ölkə əhalisinin taxılla təminatı mövzusu üzərində xüsusi dayandı. Bəlli oldu ki, işğaldan azad edilmiş torpaqlarımızın artıq sürətli, keyfiyyətli və təhlükəsiz ortamda ölkə iqtisadiyyatındakı yerini və rolunu bərpa etməsi üçün planlı-proqramlı işlər görülür. Bəlli olduğu kimi, Qarabağ və Gündoğar Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, o cümlədən bitkiçilik üçün çox münbit iqlim və təbii ortam mövcuddur. Dövlət başçısının göstərişi ilə, vaxt itirmədən o torpaqlarımızda müvafiq əkin-biçin işləri görülüb. Diqqət edək: bu il 50 min ha-da əkilmiş taxıl məhsulunun yığımı sona çatmaq üzrədir. Ermənilərin işğal altındakı torpaqları korlaması, torpağa düzgün aqrotexniki qulluq göstərilməməsi, təyinatdankənar istifadə halları, müharibənin izləri, ekoloji fəlakət və b. erməni bəlaları, vandallıqları torpaqlarımızın məhsuldarlığına təsirsiz ötüşməyib. Ancaq əsas başlamaqdır; əsas təkəri hərəkətə gətirməkdir ki, o da baş vermişdir. Növbəti illərdə taxıl məhsuldarlığının artacağına şübhə etmirik. Prezident vurğuladı ki, azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min ha. dövriyyəyə buraxılmalıdır və suvarma məsələləri düzgün təşkil edilməli, bir sözlə, bütün çağdaş aqrotexniki tədbirlər görülməlidir (və görüləcəkdir).

Yəni zaman içində, azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının çağdaş standartalara uyumlu şəkildə, planlı qaydada təşkili ölkəmizə yeni imkanlar qazandıracaq (yaxud belə imkanları uzun illərdən sonra bərpa etmiş olacağıq). Beləliklə də, Qarabağ və Gündoğar Zəngəzur sakinləri öz yurd-yuvalarına dönüncə əkin-biçinlə, heyvandarlıqla və s. rahat məşğul ola biləcək, öz güzəranlarını təmin edəcəklər. Bu işin iki müsbət sonucu bəri başdan görünür:

1) sakinlərimiz yaxşı vəsait əldə edəcək;

2) ölkəmizin ərzaqla təminatı və ixrac imkanları çox önəmli dərəcədə artacaq.

Prezident mövcud durumu izah edərək, açıq, səmimi şəkildə bildirdi ki, bütün görülmüş işlərə baxmayaraq, gerçəklik elədir ki, əfsuslar olsun, biz hələ uzun illər özümüzü taxılla tam təmin edə bilməyəcəyik: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək”.

Beləliklə, dünya bazarında taxılın qiymətinin artması və taxıl qıtlığı probleminə dair yerli və beynəlxalq mediada yayımlanan, tirajlanan məlumatlar, təhlillər öz qlobal və yerli məzmunu ilə bir gerçəklikdir və təəssüf ki, qaçınılmazdır. Bu cümləni işlədərkən, dərhal onu da vurğulamalıyam ki, COVİD-19 pandemiyasının qızğın dönəmində, böyük dövlətlər vaksin millətçiliyi edərkən, biz dövlət başçısının müdrik siyasəti ilə ölkəmizi yetərli doz və çeşiddə vaksinlə təmin edə bildik, hətta imkansız ölkələrə də yardım etdik. Yəni bu bir misaldır, örnəkdir və gərginliklər gözlənilsə də, dövlətimizin ölkə əhalisinin taxıl, ərzaq qıtlığı yaşamaması üçün hər türlü tədbir tökəcəyi şübhəszidir. Bu minvalla, daxili bazarda müəyyən təbəddülatlar qiymət artımı şəklində təzahür edə bilər ancaq inanırıq ki, qıtlıq (Anadolulu qardaşlarımız demiş), söz konusu olmayacaq.

Dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstanın xaricə satışa limit qoyması, eləcə də, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracına yaranan problemlər, üstəgəl, dünyanın bir çox coğrafiyasında görünməmiş quraqlıq, yanğınlar və s. ümumdünya miqyasında taxıl qıtlığı yaradıb. Bir sözlə, taxıl qiymətini dünya bazarının müəyyənləşdirməsi, habelə vurğuladığımız digər amillər qiymət artımına öz danılmaz təsirini göstərməkdədir.

Bəli, respublikamız taxıl idxalçısıdır, məntiq onu deyir ki, artıq unun qiymətində artım qaçılmaz görünür. Doğrudur, Azərbaycan dövləti öz sosial siyasətinə sadiq qalaraq, əhalini düşünərək, indiyədək subsidiya hesabına qiymət artımının qarşısını alır, lakin iki böyük taxıl ixracatçısı arasında (Rusiya-Ukrayna) müharibənin uzanması qiymətə gec-tez təsir edə bilər.

Dövlət öz məsuliyyətinə uyğun davranacaq bəs əhalimiz nə edə bilər? Ən azı israfçılığın qarşısını almağa çalışa bilərik. Bacarıqlı insanlar taxıl cinsinə mənsub olan dənli bitkilər – buğda, çovdar, arpa və vələmir, eləcə də, darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalının əkiliməsi, becərilməsi sahəsində öz pay torpağı, öz həyətyanı sahəsi qədər iştirak edə, töhfə verə bilər. Elə deyilmi? Necə deyərlər, “Ən vətəpərvər insan öz işini yaxşı görən insandır”.

Bəs şair necə deyirdi?

“Torpağa düşməsin havayı bir dən,

Çörək bol olarsa, basılmaz Vətən”!

Dövlətimiz zaval görməsin!

Teqlər: