Rusiyada koronavirusa yoluxma ilə bağlı mürəkkəb vəziyyət yaranıb – Putin

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxma ilə bağlı mürəkkəb vəziyyət yaranıb.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi və müdafiə sənayesi kompleksinin nümayəndələri ilə görüşü zamanı deyib.

O bildirib ki, ölkədə hər gün 40 mindən çox yoluxma qeydə alınır: “Belə bir hal heç vaxt olmayıb. Yaşlı insanlar bu xəstəliyi daha ağır keçirir. Yaşlı nəslin nümayəndələri arasında ölüm halları daha çoxdur”.


Qeyd edək ki, Rusiyada son beş gün ərzində dörd dəfə gündəlik yoluxma sayı 40 mini ötür. Ümumilikdə, ölkədə bu günədək 8,5 milyon nəfər koronavirusa yoluxub, 240 minə yaxın şəxs vəfat edib.