Rusiya Zəngəzuru İrana güzəştə getməyəcək

Rusiya Zəngəzuru İrana güzəştə getməyəcək

İranın ardınca Rusiya Ermənistanın Qafan şəhərində baş konsulluq açmaq üçün müzakirələr aparır. Bəllidir ki, Sovet İttifaqı dağıldıqdan sonra 30 il müddətində Ermənistanın Qafan şəhəri Rusiya və İranın oylağına çevrilsə də, nədənsə bu ərazidə diplomatik nümayəndəlik açmaq nə Tehranın, nə də Moskvanın ağılına gəlmişdi.

Ancaq 44 günlük müharibədəki zəfərdən və Zəngəzur dəhlizi ideyasının gerçəkləşməsi istiqamətində siyasi-hərbi iradə ortaya qoyulandan sonra vəziyyət dəyişdi: Naxçıvandan Meğriyə qədər uzanan yollar demək olar ki, tam təmir edilib, Şərqi Zəngəzurda, əsasən də Qafanla sərhəd olan Zəngilanda sürətli quruculuq işləri aparılır və beləliklə, bu mahalın çəkisi və önəmi artıb. Regional maraqlarının təhlükədə olduğunu bəhanə edən İran tələm-tələsik Qafanda konsulluq açdı. İndi də Rusiya Qafanda diplomatik korpusunu açmaq niyyətindədir.

Görünən odur ki, İrandan fərqli olaraq, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Birincisi ona görə ki, bu dəhliz Moskvanın Şərqə çıxışını təmin edən quru yoludur. Və bu yol hazırda Rusiya iqtisadiyyatına fayda vermək baxımından Kremlin maraqlarına uyğundur.

İkincisi, böyük ehtimalla, Ermənistan tərəfdən dəhlizin təhlükəsizliyinə nəzarət rusların əlində olacaq. Bu da Moskva üçün geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra Qafqazda imicinin zəiflədiyi və güc balansının Moskvanın əlehinə işlədiyi bir vaxtda Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmə imkanı şans sayıla bilər.

Rusiya Zəngəzurda konsulluq açmaqla, dəhlizlə yanaşı, həm də bölgəyə nəzarət etmək istəyir. Eyni zamanda Moskva hazırda Qafqazın ən çox zikr edilən bölgəsi Zəngəzurda aktiv oyunçu olmaq finksiyasını kimsəyə güzəştə getməyəcəyini elan edir.

Teqlər: