Rusiya XİN-in Bakıya qarşı addımında Türkiyə amili…

Rusiya XİN-in Bakıya qarşı addımında Türkiyə amili…

Rusiya XİN-in son bəyanatı onun narahatlığından irəli gəlir.

Bu sözləri AzerTimes-a Rusiya XİN-in 15 iyulda verdiyi bəyanat haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Brüsselin daha aktiv rol oynamağa başlamasının Moskvanı qıcıqlandırdığını bildirib:

“Moskva bugünədək Qarabağ məsələsində başqa vasitəçilərin olmamasına, yeganə arbitr rolunu oynamağa çalışıb. Ona görə də vaxtaşırı Brüssel görüşlərindən əvvəl və sonra öz ərazisində görüşlər təşkil edib. Hətta bunun üçün təxribatlara da yol verildi. İndi isə sonuncu Brüssel görüşü Qərbin prosesdə daha aktiv rol oynamağa çalışdığını ortaya çıxardı. Artıq AB-nin tərəflər arasında hansısa şəkildə sənədin imzalanmasını istəməsi də bizim üçün sürpriz olmaz. İlham Əliyev də Paşinyanın şifahi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ancaq bunun sənədlə rəsmiləşməsinin daha məqbul olduğunu bəyan edib. Əgər Brüssel belə bir sənədin imzalanmasına nail olsa, Rusiyanın rolu ikinci plana keçəcək. Çünki Rusiyada kommunikasiyaların açılması və s. ilə bağlı sənədlər imzalansa da, ortada real irəliləyiş yoxdur. Ona görə də Brüsseldə tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan sənədi imzalaması ehtimalı Moskvanı qıcıqlandırır. Brüsseldə razılıq əldə olunarsa, böyük ölçüdə tərəflər arasında mübahisəli məsələlər həll olunacaq və sülh müqaviləsinin imzalanması artıq reallığa çevriləcək. Bütün bunlara görə Rusiya XİN Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək belə bir bəyanat yayıb. Moskva əslində Paşinyanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını, lakin özünün tanımadığını demək istəyir. Bunu başqa cür anlamaq mümkün deyil. Çünki əgər Rusiya ölkəmizin Qarabağ üzərindəki suverenliyini tanıyırsa, onda Paşinyanın bu addımı əslində prosesi dəyişdirməməlidir. Yox əgər Moskva əksini iddia edirsə, demək ki, Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanımır”.

Turab Rzayev sülh müqaviləsinin imzalanması halında tərəflərin Rusiyadan ordusunu öz ərazilərindən çıxarılmasını tələb edəcəyini vurğulayıb:

“Rusiya son bəyanat ilə həm ölkəmizin suverenliyinə qarşı açıq və beynəlxalq hüquqa zidd şəkildə hörmətsizlik edir, həm də Qarabağdakı ermənilərin guya humanitar fəlakətlə üz-üzə olduğu məsələsini qabardır. Çünki Vaşinqton və Brüssel prosesi çərçivəsində Azərbaycan və Ermənistan ortaq məxrəcə gəlsə, tərəflər rus ordusunun ölkə ərazisindən çıxarılmasını istəyəcəklər. Beləliklə, Cənubi Qafqazda Rusiyanın mövqeləri zəifləyəcək. Bu, Moskvanın ən böyük kabusudur. Ona görə də əvvəl dolayı yollarla oyun oynayırdısa, indi Paşinyan hakimiyyətinin Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıması ilə vəziyyət dəyişdiyi üçün oyununu açıq şəkildə oynamağa çalışır. Moskva əvvəl guya neytral olduğunu göstərirdi. İndi isə əgər tərəflər bir-birinin suverenliyini tanıyırsa, demək ki, Ermənistan separatçıların arxasından çəkilib və onlar birbaşa Moskvadan dəstək alır. Moskva da öz dövlət maraqlarına görə separatçıları dəstəkləməyə məcburdur və bu səbəbdən ölkəmizə qarşı belə hüquqdankənar, tərbiyəsiz bəyanat yayıblar”.

Siyasi şərhçi Türkiyənin NATO ölkələri ilə əlaqələrini gücləndirməsinin də Rusiyanı təşvişə saldığını qeyd edib:

“Türkiyənin NATO ilə bağlı atdığı son addımların da prosesə dolayı təsiri var. Moskva Ankaranın təşkilat üzvü olan ölkələrlə problemlərini həll edəcəyi təqdirdə Qarabağla bağlı hansısa bir mümkün qarşıdurma halında Bakını daha güclü müdafiə edə biləcəyindən qorxur. Çünki Ankaranın NATO ilə yaxınlaşması Moskvanın həm Ukraynada, həm Cənubi Qafqazda, həm də dünyanın başqa yerlərində geosiyasi vəziyyətinə mənfi təsir göstərir”.

Teqlər: