Rusiya Ukraynada hərbi əməliyyatlar üçün suriyalıları cəlb edir – “The Wall Street Journal”

Rusiya Ukraynada hərbi əməliyyatların aparılması üçün
suriyalıları cəlb edir.

Trend-in
məlumatına görə, bunu “The Wall Street Journal” yazır.

Məqalədə qeyd olunur ki, ABŞ tərəfinin məlumatlarına əsasən,
2015-ci ildən Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya
oradan silahlılar cəlb edir və onların küçə döyüşlərində
təcrübələri sayəsində Kiyevi ələ keçirməyə ümid edir.

Eyni zamanda, Suriyadan nə qədər silahlının cəlb olunması barədə
dəqiq məlumat yoxdur, amma qeyd olunur ki, onlardan bəziləri artıq
Rusiyadadır və münaqişəyə girməyə hazırdır.

“The Wall Street Journal” bildirir ki, məlumatlara əsasən,
Rusiya altı ay müddətində “Ukraynada mühafizəçi qismində işləmək”
üçün ölkədə könüllülərə 200-300 dolları təklif edib.

Bundan başqa, “Reuters” agentliyi Çeçenistan rəhbəri Ramzan
Kadırova istinadən bildirir ki, Ukraynaya çeçen qüvvələri də
göndərilib.

Məqalədə, həmçinin vurğulanır ki, əcnəbi silahlılar həm də Kiyev
tərəfindən döyüşür. Ukrayna prezidenti Volodimir Zelenski 16 min
əcnəbinin Ukrayna tərəfdən döyüşməyə hazır olduğunu bildirib.