Hazırda Ukraynada vəziyyət kifayət qədər gərgindir. Bu gərginlikdə Rusiya qoşunlarının intensiv şəkildə geri çəkilməsi müşahidə olunur.
Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ukrayna ordusunun son günlərdə əldən etdiyi üstünlüklər barədə danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları həm mənəvi, həm psixoloji, həm də döyüş hazırlığı baxımından təşəbbüsü əldən verib və bu təşəbbüsü Ukrayna ordusu ələ keçirib:
“Görünən odur ki, Rusiya tərəfi öz itkilərini kompensasiya etmək üçün bir çox Ukrayna şəhərlərinə və elektrik təchizatında mühüm rol oynayan elektrik stansiyalarına raket zərbələri endirməkdə davam edir. Hesab edirəm ki, əgər Ukrayna ordusu uzaqmənzilli hava hücumundan müdafiə və hava hücumu vasitələri əldə edərsə, o zaman əks-hücum əməliyyatlarının miqyası daha da genişlənər. Yəni Ukraynanın ayrı-ayrı istiqamətlərdə, xüsusilə də Xarkov istiqamətində daha ciddi nailiyyətlərə, o cümlədən də Xarkov vilayətinin Rusiya ilə sərhədlərini azad etmə imkanı qazanması Qərbin vəd etdiyi silahları vaxtında çatdırmasından asılıdır”.