Rusiya Jurnalistlər İttifaqı Azərbaycan Mətbuat Şurasının
Azərbaycanın kütləvi informasiya vasitələrinin Rusiya ərazisində
yayımının bloklanması ilə əlaqədar bəyanatına reaksiya verib.
Mətbuat Şurasından (MŞ) AzerTimes-a bildirilib ki, bununla bağlı MŞ
sədri Əflatun Amaşova ittifaqın sədri Vladimir Solovyovun imzası
ilə məktub göndərilib.
Məktubda bildirilib ki, Rusiya Jurnalistlər İttifaqı Azərbaycan
Mətbuat Şurasının məlum bəyanatı ilə tanış olub. Sənəddə müxtəlif
fikir, düşüncə və baxışların konstruktiv dialoqa və qarşılıqlı
hörmət prinsipinə xələl gətirməməsinin vacibliyinin ittifaqa üzv
təşkilatlar, Rusiyanın müxtəlif bölgələrindən olan jurnalistlər
tərəfindən dəstəkləndiyi vurğulanıb və İttifaqın Şura ilə mövcud
istiqamətdə dialoqa hazır olduğu önə çəkilib.
RJU eyni zamanda hadisə və proseslərin obyektiv
işıqlandırılmasının ölkələrdə, regionlarda əhalinin vəziyyətinin
düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını da
diqqətə çatdırıb. Qurum bu prinsipə söykənərək Azərbaycan
əhalisinin Ukraynada baş verən proseslərdən obyektiv şəkildə
məlumatlandırılmasının vacibliyindən söz açıb. Buna görə sənəddə
Azərbaycan Mətbuat Şurasının Azərbaycan media məkanının Rusiya
tərəfindən irəli sürülən baxışlarla tanışlığına kömək
göstərməsinin, beləliklə Azərbaycan auditoriyası üçün tam
mənzərənin formalaşmasına dəstəyin zəruriliyi üzərində
dayanılıb.
Rusiya Jurnalistlər İttifaqının məktubunda həmçinin qurum
tərəfindən ən qısa zamanda Bakıya səfər təşkil etməyə, Rusiya
Jurnalistlər İttifaqının üzvləri və rusiyalı ekspertlər tərəfindən
vəziyyəti dəyərləndirmək üçün müzakirələr aparmağa hazırlıq ifadə
olunub. “Əminik ki, biz birlikdə yaranmış müvəqqəti çətinlikləri
aradan qaldıra, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini davam
etdirə biləcəyik”, – deyə məktubda vurğulanıb.