Rusiya bazardan çıxarılır: 59 milyard azalma var…

Rusiya bazardan çıxarılır: 59 milyard azalma var…

Rusiya Avropanın qaz bazarında mövqelərini itirmək üzrədir. Əgər keçmiş illərdə Avropa Birliyinin Rusiya qazından asılılığı 35 faiz civarında idisə, hazırda bu rəqəm 7 faizə qədər enib.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bəzi ölkələr ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər, qaz ehtiyatlarını başqa ölkələrdən idxal hesabına doldurublar:

“Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi. Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə çalışacaq. Avropa ölkələri baha olmasında baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatın təxminən 80 faizini ödəyir.

Rusiya Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu da Rusiyanın maraqlarına cavab vermir.

Rusiyanın “Qazprom” şirkəti Pekinlə danışıqlardan narazıdır. “Qazprom“ şirkətinin qaz nəqli 40 faizdən çox azalıb. Bu, təxminən 59 milyard kubametr qaz həcmidir. Bu ilin sonu üçün “Qazprom”un itkiləri daha da artacaq. Hazırda Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadçılar Sibirin qaz infrasturktunun inkişafına xərclərin azaldılması vacibliyini bildiriblər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq.

Buna baxmayaraq, Rusiya Çinə “Sibirin gücü – 2” boru xəttinin tikintisinə başlamaq istəyir. Boru xətti Monqolustanın ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq. Amma Çin Rusiya qazını ucuz almağa çalışacaq. “Qazprom” şirkəti Avropada həm bazarını, həm də gəlirlərini itirir.

Rusiya İran üzərindən Pakistan bazarına da çıxış əldə etmək istəyir. Pakistanın qaza tələbatı var. Ona görə bəzi ekspertlərin fikrincə, Rusiya İran və Pakistanla qaz anlaşmaları imzalaya bilər. Ancaq bu layihənin reallaşması üçün zaman lazımdır”.

Teqlər: