Rusiya AB-ni Zəngilan istiqamətinə buraxmır – Səbəb

Rusiya AB-ni Zəngilan istiqamətinə buraxmır – Səbəb

Ermənistanda fəaliyyət göstərən Avropa Birliyi missiyasının rəhbəri Markus Ritterin və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları Zəngilan istiqamətində törədilən təxribatın daha bir məqsədini anlamağa imkan verir.

Ritter bildirir ki, toqquşmanın yaşandığı Nerkin-Hand kəndi istiqamətindəki sərhəddə Rusiya hərbçiləri dayanır və missiyanın bu ərazilərə girişinə imkan verilmir. Rusiya tərəfindən soruşmaq lazımdır ki, bizim ora girişimizə niyə qadağa qoyulub?

Qriqoryan isə bildirir ki, AB missiyasının Nerkin-Hand kəndi istiqamətində çıxışı yoxdur, ora Rusiya hərbçiləri nəzarət edir. Rusiya hadisənin qarşısını ala bilmədi. Onlardan fərqli olaraq, AB missiyası sabitləşdirici rol oynayır.

Bu açıqlamalar göstərir ki, Ermənistanın Zəngilan təxribatının hədəflərindən biri Rusiya hərbçilərinin “vəziyyətə nəzarət edə bilmədiyini” göstərmək və AB missiyasının həmin istiqamətdə də fəaliyyətini təmin etməkdir. Təxribat hücumu AB və Ermənistana bu plana nail olmaq üçün əsas yaratdı.

Burada əsas məqamlardan biri Rusiyanın AB missiyasının bu əraziyə girişinə niyə qadağa qoymasıdır. Ritter də bildirir ki, onların missiyası Nerkin-Hand istiqaməti istisna olmaqla, Ermənistanın bütün ərazisini ziyarət edə bilir.

Nerkin-Hand Zəngilanla sərhəddə – Zəngəzur dəhlizi layihəsinin keçəcəyi istiqamətdədir və mümkündür ki, Rusiyanın AB missiyasına qadağasının əsas səbəbi də bununla bağlıdır.

Birincisi, Zəngəzurdan keçəcək yolun dəhliz məntiqi ilə açılmasına qarşı olan AB-nin öz missiyasını bu istiqamətdə yerləşdirməklə nəzarət imkanı əldə etmək istəyi istisna edilməməlidir: Moskva buna qarşıdır və görünür, AB missiyasının bu bölgəyə daxil olacağı təqdirdə nəzarət imkanlarının əldən verə biləcəklərini düşünürlər;

İkincisi, Zəngəzur dəhlizi layihəsinin 10 noyabr razılaşmasına uyğun açılmasını planlaşdıran Moskva nəzarəti sərhəddə dayanan hərbçiləri vasitəsilə təmin etməyi planlaşdırır və bu istiqamətdəki üstünlüyünü Aİ missiyası ilə bölüşdürmək niyyətində deyil.

Qriqoryn bildirir ki, AB missiyasının Nerkin-Hand istiqamətinə də nəzarətinin təmin edilməsinə çalışacaqlar. Rəsmi İrəvan son təxribatı əsas götürərək, bu nail olmağa cəhd edəcək, lakin nəticə əldə edə bilməsələr, eyni istiqamətdə növbəti təxribatların törədiləcəyi istisna edilməməlidir.

Teqlər: