Müharibə başlamamışdan bir neçə həftə öncə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Kiyevə Zelenskinin qətlini həyata keçirmək üçün gəlmişdilər.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı müstəntiq Xristo Qrozev jurnalist Mixail Ziqara müsahibəsində Vladimir Zelenskinin qətlinin necə planlaşdırıldığı barədə danışarkən deyib.
Qrozevin sözlərinə görə, qruplaşma Ukraynaya müharibə başlamazdan bir neçə həftə əvvəl gəlib:
“Onlar Kiyevə yaxın olmaq üçün Belarus ərazisinə daxil olublar. Bəziləri isə Kiyevə girib, şəhərin mərkəzi məhəlləsini tutmaq niyyətində idilər. Onlar Andrey Averyanovun (Avropada bir sıra zəhərlənmə və partlayışlarda şübhəli bilinən bölməyə rəhbərlik edən Rusiya ordusunun generalı – red.) tabeliyində olan 30-a yaxın adam olub. Bu, çox yüksək səviyyəli, elit qrup idi”.
O qeyd edib ki, bunlar Çexiya və Bolqarıstanda anbarları partladan, Skripalları zəhərləyənlərdir:
“Biz bu komandanın bir neçə üzvünün işini izləmişik. Bu həm qorxulu, həm də gülməli idi. Bu, qorxulu idi, çünki onların məqsədlərinin nə olduğunu gördük. Gülməli idi, çünki onlar hər gün rəhbərliyi pis planlaşdırılmış əməliyyata görə tənqid ediblər”.