Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal
Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soareslə görüşüb.
Səfirə yeni təyinatında uğurlar arzulayan rektor Rumiyanın
ölkəmizdəki səfirliyi ilə ADU arasında mövcud olan səmərəli
əməkdaşlıqdan danışıb. Akademik Kamal Abdulla bildirib ki, bu
əməkdaşlıq elm, mədəniyyət və təhsil sahəsində uğurla davam edir,
universitet gələcəkdə əlaqələrin daha da genişlənməsində
maraqlıdır:
“İnanırıq ki, sizin köməkliyinizlə Rumıniya universitetləri ilə
müxtəlif istiqamətli əlaqələrimiz daha da genişlənəcək,
tələbə-müəllim mübadiləsi, birgə tədbirlərin keçirilməsi daha çox
inkişaf edəcək. Universitetimizdə Rumın dili və mədəniyyəti mərkəzi
bir neçə ildir uğurla fəaliyyət göstərir, tələbələr rumın dilini
böyük maraqla öyrənirlər”.
Rektor səfir Vasile Soaresə Rumıniya universitetlərindən birində
Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı
təkliflərini bildirib, diplomatı “Səfir saatı” layihəsində
tələbələrlə görüşə, eləcə qədim türk dilləri mövzusunda mühazirə
oxumağa dəvət edib. Akademik Kamal Abdulla ADU-da tədris olunan
dillərdən danışarkən, klassik dillərdən olan sanskrit dilinin
tədrisinin uğurla davam etdiyini də diqqətə çatdırıb.
Rumıniyanın Azərbaycandakı yeni səfiri Vasile Soares dəvətə görə
təşəkkürünü bildirib. Azərbaycan haqqında xoş təəssüratlarını
bölüşən səfir ümidvar olduğunu bildirib ki, rəhbərlik etdiyi qurum
və ADU arasında əməkdaşlıq bundan sonra daha da genişlənəcək:
“Bizim gələcəklə bağlı müxtəlif istiqamətli planlarımız böyükdür.
Əlbəttə, Azərbaycan Dillər Universiteti ilə münasibətlərimizin daha
geniş müstəvidə inkişafı prioritet istiqamətdir. Böyük
məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan və Rumıniya
arasında dostluq münasibətləri uzun illərdir davam edir,
əlaqələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil və
mədəniyyət istiqamətində inkişaf edir. Azərbaycan Dillər
Universitetində Rumın dili və mədəniyyəti mərkəzinə olan
diqqətinizə görə təşəkkür edirəm. Çox şadam ki, tələbələr Rumın
dilini öyrənirlər, bizim ölkəmizin tarixinə, dilinə, mədəniyyətinə
maraq göstərirlər. Sizin Rumıniyanın nüfuzlu universitetlərindən
birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması
təklifinizi məmnuniyyətlə qəbul edirəm və bu istiqamətdə vacib
addımlar atılacaq”.
Daha sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış
olub, rumın ədəbiyyatının klassiki, görkəmli şair Mihay Emineskunun
şeirlərinə çəkilmiş rəsm əsərlərinin sərgisində iştirak edib.
ADU-nun Rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri Jozefina
Blazsani-Batto sərgi haqqında iştirakçılara məlumat verib, rektor
Kamal Abdulla, səfir Vasile Soares və Rumıniya-Azərbaycan Dostluq
Qrupu İctimai Birliyinin sədri Akif Əmirov sərginin təşkilini
yüksək dəyərləndiriblər.
Tədbirdə ADU-nun tələbələri Mihay Emineskunun şeirlərini
Azərbaycan və rumın dillərində səsləndiriblər.