Rumıniya Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul etməyə hazırdır – XİN

Ukraynadakı vəziyyətlə əlaqədar, Rumıniya Ukraynanı tərk etmək
istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul etməyə
hazırdır.

Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları
aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Rumıniyaya gedə
bilər:

– Rumıniya Ukrayna arasındakı Halmeu, Sighetu, Marmatiei və
Siret sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya daxil olmaları
mümkündür.

Diqqət! Ukraynadan Moldova Respublikasına gələn vətəndaşlarımız
Moldova ilə Rumıniya arasında olan Stinca, Sculeni, Albita, Oancea,
Galati və İsaccea sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya
daxil ola bilər.

– Rumıniya tərəfi Azərbaycan Respublikası vətəndaşlarının
Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk etməsini
nəzərə alaraq, onlara münsibətdə ölkə ərazisindən tranzitlə keçmək
üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda,
vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport
və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.

– Rumıniya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru
sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından
COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd)
və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə
tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Rumıniyadakı Səfirliyi ilə +407 487 77744, +407 409
90079 və [email protected] elektron poçtu vasitəsilə
əlaqə saxlaya bilər.

Bildiyniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən,
vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya və
Macarıstan istiqamətlərində də tərk edə bilər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti
yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər
etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı
vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi
qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə
və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini
tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000
telefon xətti və [email protected] elektron poçt ünvanı,
Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon
xətti və [email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların
diqqətinə təqdim ediləcək.

Teqlər: