Rumıniya Parlamentinin nümayəndə heyəti Şuşada olub (FOTO)

Ölkəmizdə səfərdə olan Rumıniya Parlamentinin Nümayəndələr
Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian
İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Şuşa
şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən məlumata görə, Şuşada qonaqlar Qala divarları,
Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri ilə tanış olublar,
Cıdır düzünə və Şəhər meydanına baş çəkiblər. Rumıniya parlament
nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli
bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış
olublar.Qonaqlara məlumat verilib ki, Şuşa şəhəri işğaldan azad
olunduqdan sonra buradakı tarixi abidələr Prezident İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa
nəzarətləri altında bərpa ediliblər.

Şuşaya səfər çərçivəsində qonaqlar yeni istifadəyə verilmiş
Füzuli Hava Limanında da olublar. Qonaqlara məlumat verilib ki,
qısa müddətdə tikilmiş bu hava limanı həm yük, həm də sərnişin
təyyarələrini qəbul etmək imkanına malikdir.

Nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Rumıniya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev
müşayiət edib.

Teqlər: