RİNN “Bravo”nun adından yayılan saxta mesajlarla bağlı məlumat yayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron
Təhlükəsizlik Xidməti vətəndaşları məşhur şirkətlərin adından
həyata keçirilən “fişinq” kampaniyaları ilə bağlı xəbərdar etməyə
davam edir.

RİNN-dən AzerTimes-a bildirilib ki, bu dəfə istifadəçilərə onların
fərdi məlumatlarını ələ keçirmək məqsədilə “WhatsApp” üzərindən
“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir.
Məlumatda “Bravo”nun yeni filialının açılması münasibətilə 400
manatlıq hədiyyə kuponu vəd olunur və onlardan göndərilən linkə
daxil olaraq “sorğu”da iştirak etmələri istənilir.

Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin
şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.
Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan
digər “WhatsApp” istifadəçilərinə göndərməsi tələb olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti bildirir ki, bu kimi kiberhücumlarda məqsəd
saxta reklam baxışları toplamaqla asan yolla gəlir əldə etmək,
istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və
fərdi məlumatları ələ keçirməkdir.

Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş
olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl
etsinlər:

1. Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə
aldanaraq ani hərəkət etməyin.

2. Hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad
etməyin.

3. Şübhəli keçidlərə daxil olmayın.

4. Hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən
istifadə edərək yoxlayın. Hər hansı şirkət, qurum və ya təşkilat
adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə
əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun
rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun.

5. Doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə
yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar
etməyin.

6. Ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə
məlumatlandırın.

Həmçinin bu kimi hallarla üzləşdikdə
www.cert.az
saytı və ya [email protected] elektron poçt ünvanı
vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.

Teqlər: