Rezidenturaya qəbul imtahanına qeydiyyat başlanır

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul
imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün
qeydiyyat başlanır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2-ci cəhddə
iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 1-dən 5-dək (saat
23:59-dək) internet vasitəsi ilə aparılır.

Bu ilin may ayında keçirilən qəbul imtahanında iştirak etmək
üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak
etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına
imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet
saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov)
daxil olmaqla qeydiyyatdan keçirlər.

Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində
iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci
mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin
internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi
kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60
AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği
əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış
olmaq mümkündür. Bu namizədlər də http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov
səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını
doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş
(etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 19-da, ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun
21-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər
iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1
balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə
təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər
buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt
ayrılır.

2020 və 2021-ci illərdə baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və
rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 25 aprel – 5
may tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II
mərhələ) iştirak edə bilmək üçün iyunun 1-dən 5-dək ərizə
verməlidirlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas
(baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də
buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr də
iyunun 1-dən 5-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına
yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas
(baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar
(bax: “Rezidentura” jurnalı, № 1, 2022, səh. 2).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə
qalır.

Teqlər: