Rəvan oğlunun canına and içdi ki, İlkin günahsızdır – 10 yaşlı Nərminin qətli ilə bağlı şahid danışdı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu
kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan
İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə İlkin Süleymanovla eyni təcridxanada saxlanılan
iki şahid dindirilib.

Şahid Eyvaz Əliyev deyib ki, ittiham olunan şəxsin nəyə görə
tutulmasından xəbərdar olduğuna görə əvvəl onunla eyni kamerada
saxlanılmasını istəməyib. Lakin bir müddət sonra onun günahsız
olduğuna əmin olub: “Onun uşaq öldürdüyünə görə həbs olunduğunu
eşitmişdim. Buna görə ona qarşı idim. Çünki mənim nəslimdən bir
neçə nəfər Xocalı soyqırımı zamanı həlak olub. Sonradan isə mən üç
övladımı və həyat yoldaşımı itirmişəm. İki ay yarım İlkinlə eyni
kamerada qaldıqdan sonra əmin oldum ki, o, cinayətkar deyil. Əgər
azca şübhəm olsaydı, inanın ki, mən onunla çörək kəsməzdim. Onu da
deyim ki, İlkinə görə bizim kamera xüsusi nəzarətdə idi”.

Şahid təqsirləndirilən şəxsin əleyhinə ifadə verən digər kamera
yoldaşlarının dediklərinə də münasibət bildirib: “Bizimlə bir qalan
iki məhkum deyib ki, İlkin gecə sayaqlayan zaman Nərmini
öldürdüyünü deyib. Yalandır. Məhkum Baxşəli Qəhrəmanov deyib ki,
guya içəridə hörmətli biri olub. Həmin adam “əxlaqsızlıq yuvaları”
təşkil etdiyinə görə həbs olunmuşdu. Təcridxanada da hörmətli
məhkum olmayıb. Ondan türmədə məlumat yığmaq üçün istifadə
edirdilər. Orada təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin
günahsızdır”.

Şahid İlkin Süleymanovun əleyhinə ifadə verən digər kamera
yoldaşı Rəvan İsmayılovun sözlərinə münasibət bildirərkən deyib ki,
Rəvan İsmayılov təcridxanada olanda ona Nərminin sağ olduğunu
deyib: “Rəvan oğlunun canına and içdi ki, İlkin günahsızdır, Nərmin
sağdır, onu Gürcüstana aparıblar”.

Məhkəmədə ifadə verən İlkinin kamera yoldaşı Raqif Mirzəyev də
ittiham olunan şəxsin günahsız olduğunu deyib: “İlkin təcridxanaya
gələndə pis gündə idi. Elə vəziyyətdə idi ki, yaxınlaşanda
qorxurdu. Bir müddət keçdikdən sonra danışdı. Deyirdi ki, mənim
vicdanım təmizdir, gec-tez ədalət yerini tapacaq”.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.
.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu
tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və
digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3
(adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.

Teqlər: