Sosial şəbəkələrdə tez-tez rast gəlirik ki, müştəridən
restoranda menyuda yazılan qiymətdən ya çox ödəniş alınır, ya da ki
menyu olmur.
Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar
Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm
Assosiasiyasının icraçı direktoru Samir Dübəndi
Trend-ə bildirib ki, belə hallar yaşansa da bu kütləvi
deyil.
Assosiasiya rəhbəri deyib ki, bu qiymətləri bazar özü
tənzimləyir.
“Restoranlarda bahalıqdan şikayət edənlərlə yanaşı qiymətlərdən
narazı olmayanlar da var. Baha qiymətlər təklif edən restoranların
müştəriləri kifayət qədərdir. Biz Assosiasiya olaraq restoranlara
öz fikirlərimizi bildiririk ki, yerli və xarici müştərilərə hesabda
artıq pul yazmasınlar. Bundan başqa restoranlarda menyuların olması
mütləqdir. Amma bütün restoranlar təəssüf ki, buna riayət etmir. Bu
da restorana gələn müştərinin hüquqlarının pozulmasıdır.
Restoranlara gedərkən mütləq menyu tələb edin”, – deyə S.Dübəndi
bildirib.