Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması və onların vaxtında aşkarlanması, habelə ölkə ərazisində epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən epizootoloji monitorinqlərə başlanılıb.
AQTA-dan AzerTimes-a bildirilib ki, monitorinqlər çərçivəsində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz və dabaq xəstəliklərinə qarşı peyvənddən sonrakı immun fonun təyini, həmçinin brusellyoz, infeksion epididimit, xırdabuynuzlu heyvanların taun xəstəliklərinin diaqnostikası üçün seroloji müayinələr aparılması nəzərdə tutulub.
Oktyabrın 1-dən başlayan monitorinqlər zamanı respublikanın 59 şəhər və rayonunun 400 yaşayış məntəqəsinin hər birində təsadüfi seçim üsulu ilə müəyyən olunmuş azı 5 fermer və ya ailə təsərrüfatı olmaqla ümumilikdə 15200 baş iribuynuzlu, 76400 baş xırdabuynuzlu heyvandan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır. Götürülmüş qan nümunələri bir neçə xəstəliyə görə müayinə olunduqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının serum bankında saxlanacaq. Elmi-risk qiymətləndirilməsinin aparılması məqsədilə toplanan qan nümunələri blutanq xəstəliyi üzrə də müayinələrə cəlb olunacaq.
Epizootoloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcəkdir.