Rəsmi Seul Pxenyanı təxribatlardan əl çəkməyə və dialoqa çağırıb

Cənubi Koreya Pxenyanı növbəti təxribatlardan çəkinməyə və
konstruktiv dialoqa başlamağa çağırır.

Trend xəbər verir ki, bunu Cənubi Koreyanın BMT təhlükəsizlik
Şurası yanında daimi nümayəndəsi Ço Hyun Şuranın iclası zamanı
bildirib.

O, Koreya yarımadasında nüvəsizləşdirmə və davamlı sülh
maraqları naminə KXDR-i BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə
çağırıb.

“Biz Pxenyanı Koreya Respublikası və ABŞ ilə substantiv dialoqa
girməyə çağırırıq”, – Ço Hyun bəyanatında bildirib.

Qeyd edək ki, martın 24-də Pxenyan 2022-ci ildə on ikinci dəfə
olaraq qitələrarası ballistik raketin buraxılışını həyata keçirib.
Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib ki, yeni raket
əvvəlkilərlə müqayisədə tamamilə fərqli səviyyə nümayiş etdirib və
hətta ABŞ-ın şərq sahillərinə çata bilmək potensialına malik
olub.