Xəbər - Humay Ağacanova – Trend:
COVİD-19 pandemiyasının davam etdiyi bir vaxtda rəqəmsal texnologiyaların iqlim dəyişikliyini necə həll edəcəyini düşünməliyik.
AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Şərq Tərəfdaşlığı: Potensial nədir?” mövzusunda paneldə çıxış edən Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçall deyib.
Onun sözlərinə görə, belə bir vaxtda yalnız özümüz deyil, digər ölkələrin problemləri haqqında da düşünməliyik: “Çünki əgər qonşu ölkələrdə sülh olmasa, bizdə də olmaz”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.