Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün elektron xidmətləri vahid portalda cəmləşdirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna
daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini
vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal istifadəyə
verilib.

Bununla bağlı RİNN-in tabeliyində fəaliyyət göstərən
“AzInTelecom” MMC tərəfindən Vahid Elektron Xidmətlər Portalı –
portal.rinn.az yaradılıb.

Nazirlik müxtəlif internet resursları üzərindən vətəndaşlara 57
adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid
portalda toplanılır. İlkin mərhələdə 6 xidmət portala inteqrasiya
edilib, digər 51 xidmətin isə yaxın vaxtlarda portala daxil
edilməsi nəzərdə tutulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında
portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət
keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin
yaradılması mümkün olacaq.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov
bildirib ki, portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
strukturuna daxil olan və tabeliyindəki qurumların vahid pəncərə
prinsipinə əsaslanaraq rəqəmsal xidmətlər təqdim etməsi məqsədilə
yaradılıb: “Portal bu rəqəmsal xidmətləri vətəndaşlar üçün daha
asan və əlçatan edəcək, daha operativ xidmət göstərilməsinə imkan
verəcək. Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun
artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə
keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim
etməkdir”.

Hazırda Vahid Elektron Xidmətlər Portalı
üzərindən “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan
keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”,
“Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası,
“Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”,
həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi”
xidmətlərindən istifadə etmək mümkündür.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün
vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana
bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü
kimi, heç bir qeydiyyat tələb olunmur.

Portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin
genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir
edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına
təkan verəcək.

Teqlər: