Hər peşənin özünəməxsus incəliyi, maraqlı tərəfləri və cəmiyyətə
faydalı olma yönləri var. Hər birimiz ixtisas seçərkən həm özümüzə
arzuladığımız gələcəyi qurmaq, həm də ölkəmizi, vətənimizi inkişaf
etdirməyi qarşımıza məqsəd qoyuruq. Düşünürəm, müəllimlik peşəsini
seçən insanlar da bunları əsas götürərək, seçim ediblər.
“Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!” fikirlərinin
müəllifi M. K. Atatürk həqiqətən də müəllimlik peşəsinin necə
böyük, müqəddəs, saf, vicdanlı bir peşə olduğunu diqqətə çatdırıb.
Çünki yalnız bu peşənin sahibləri gələcəyin mühəndisini, həkimini,
hərbiçisini və s yetişdirir. Müəllim yüksək mədəniyyətə və
mənəviyyata malik olmalıdır. Humanizm, dürüstlük, ədalətlilik,
xeyirxahlıq, sadəlik kimi xüsusiyyətləri özündə cəmləşdirməlidir.
O, öz həyat və bilik təcrübəsindən yola çıxaraq gələcəyin
şəxsiyyətlərinə düzgün istiqamət verməlidir.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də müəllim adına cox böyük
hörmət və sevgi var. Çünki müəllimlik elm, bilik xəzinəsini
insanların üzünə açan bir varlıqdır. Biz onların sayəsində
tariximizi, adət-ənənələrimizi, ümumilikdə milli və mənəvi
dəyərlərimizi daha dərindən mənimsəyir, eləcə də, həyata baxışımız,
dünyagörüşümüz formalaşır. Hər bir savadlı, elmli insanın təməl
biliyini ilk olaraq müəllim inkişaf etdirir. Müəllim elmin hər
istiqamətində yol göstərən, öz dəyərli məsləhətlərini əsirgəməyən
insandır.
Bəs bütün şagirdlər, görəsən, elm, bilik sahəsində müəllimdən
eyni dərəcədə faydalana bilirmi? Şəhər və kənd məktəblərində olan
təhsil prossesində əlbəttə ki, xeyli dərəcədə fərqlər var. Rayon və
kənd məktəblərində şəhərə nisbətən tədris aşağı səviyyədədir.
Bunun, əlbəttə ki, bir çox səbəbləri var. Lakin bizim
işıqlandıracağımız səbəblərdən biri müəllim qıtlığı ilə bağlı
olacaq. Baxmayaraq, bu sahəni ixtisas kimi seçənlər də az
deyil.
Uzun zaman müəllim qıtlığından şikayətlənən bölgələrimizdən
Zaqatala, Oğuz, Qazax, Qax, İsmayıllı, Zərdab, Quba, İmişli
rayonları, eləcə də, Lerikin Günəşli, Xanagah, Cəngəmiran, Ağsunun
Sanqalan, Qaradağ, Musabəyli, Abasxanlı kəndlərində əsasən
biologiya, fizika, riyaziyyat müəllimlərinə böyük ehtiyac olub.
Ümumiyyətlə, texniki fənləri tədris edən müəllimlər nədənsə azlıq
təşkil edir. Hətta o vəziyyət yaranır ki, bir müəllim bir neçə
fəndən dərs demək məcburiyyətində qalır. Belə hallar müəllimlərdə
və şagirdlərdə ruh düşkünlüyünə, həvəssizliyə yol açır. Müəllim
azlığı təbii olaraq təhsilin keyfiyyətini də aşağı salır.
Beləliklə, qəbul imtahanlarında da nəticələr aşağı olur.
Rus bölməsi üzrə tədrisdə də ciddi müəllim qıtlığı müşahidə
olunur. Bəs bunun səbəbi nədir?
Araşdırmalar göstərir ki, bölgələrdə müəllim qıtlğı yaradan
başlıca səbəb əməkhaqqının aşağı olmasıdır. Müəllimlərin
əksəriyyəti regionlarda, əsas da kəndlərdə olan vakant yerlərə
maraq göstərmirlər. Burada ilk baxışda müəllimlər qınanıla bilər.
Ağır şərait, soyuq iqlim, ən əsas da dağ kəndlərindəki çətinliklərə
görə vakant yeri seçməyə bilərlər. Ancaq bu, problemin, sadəcə,
görünən üzüdür.
Mütəxəssislər də müəllim çatışmazlığının başlıca səbəbini maaş
azlığında görürlər. Qanuna əsasən isə maaş müəllimin yaş və iş
təcrübəsinə görə hesablanır. Orta aylıq əməkhaqqı isə bölgələrdə
270-350 AZN arasında dəyişir. Nəticədə gənclər bölgələrə meyl
etmirlər.
Təhsil haqqında qanuna görə yalnız 60 bala qədər toplayanlar
şəhərdə işləmək şansı əldə edirlər. Əks halda, bölgə məktəblərinə
getməli olursan. Bu cür ayrıseçkilik salmaq qətiyyən düzgün deyil.
Belə çıxır ki, nəticəsi yüksək olanlar savadlıdırlar və onlar şəhər
məktəblərində çalışa bilərlər. Unutmayaq ki, bölgə məktəblərində
təhsil alan şagirdlərin də tam hüququdur ki, dünyagörüşü yüksək,
savadlı, uşaqlara düzgün istiqamət verən müəllimlərdən, yüksək
keyfiyyətli dərs alsınlar. Digər bir məsələ isə ondan ibarətdir ki,
gənc müəllimlər maaş azlığından əlavə heç normal ev, rahat şəraitlə
də təmin edilmirlər. Müəllimlər kirayə evlər götürməyə məcbur
qalırlar. Kirayə evlərin qiyməti isə indiki dövrdə məlum
məsələdir…
Qanunda bölgə məktəblərinə çalışmağa gedən müəllimlər üçün
torpaq sahələrinin, əməkhaqqından başqa, əlavə müavinətin verilməsi
də nəzərdə tutulub. Lakin qanunların icrasında boşluqlar özünü
göstərir. Elə məktəblər var ki, onların yolları da şəraitsiz,
məsafəsi uzaq olur. Bu zaman yolhaqqı ilə müəllimin aldığı məvacib
uyğun gəlmir.
Digər bir nüans da ondan ibarətdir ki, bölgələrdə ictimai
yerlər, mədəniyyət klubları, gənclərin asudə vaxtlarını keçirtmək
üçün məkanlar yox səviyyəsindədir. Buna görə də şəhər mühitində
böyümüş bir gənc müəllimin ucqar dağ kəndində yaşayıb işləməsini
gözləmək də düzgün fikir deyil. Bəs nə etməli? Problemlərin
öhdəsindən necə gəlmək olar?
İlk növbədə, təhsil haqqında qanunda bir sıra dəyişikliklər
aparılmalıdır. Müəllimlərə tam dəstək göstərilməlidir. Məsələn,
bölgələrdə çalışan müəllimlər üçün onların marağına səbəb olacaq,
onları həvəsləndirəcək müxtəlif tədbirlər planı həyata
keçirilməlidir. Hansı təkliflər irəli sürülə bilər?
Kommunal xərclərə görə əvvəllər müəllimə cəmi 60-65 AZN pul
ödənilirdi. Son illərdə isə stimullaşdırıcı tədbirlər görülməyə
başlanıb. Belə ki, 60-65 manatlıq müavinət 100 AZN ilə əvəz edilib.
Ancaq bununla problem həll olunmur.
Məsələ ilə bağlı əməkdar və təcrübəli müəllimlərlə
söhbətləşərkən bir sıra dəyərli məsləhətlərlə qarşılaşdıq. Onların
qənaəti budur ki, müəllimlərə yaşa və təcrübəyə görə maaşın
verilməsi tamamilə yanlışdır. Öz üzərində çox çalışan, yaradıcı
layihələr təşkil edən, şagirdlərdə təhsilə maraq oyadacaq yeni
fikirlər, ideyalar formalaşdıran, şagirdlərinin nəticələri yüksək
olan müəllimlərin maaşları da yüksək olmalıdır. Onların fikrincə,
hər gəncin doğulub böyüdüyü rayonda və ya yaxın ətraf rayonlarda
çalışmağı daha məqsədəuyğundur. Rayonda böyümüş gəncin şəhərdə,
əsas da şəhərdə böyümüş gəncin rayon və ya kəndlərdə çalışmağı
çətinliklər yaradır. Təbii ki, hər kəsin yaşadığı yerdə düzəni
olur.
Mütəfəkkir, pedaqoq, tarix üzrə ekspert Nadir İsrafilov
təcrübələri və keçmiş qanunları əsas götürərək bildirir ki,
rayonlarda çalışan gənc müəllimlərə bəzi imtiyazların verilməsi
mütləqdir. İmtiyazlar gəncləri çalışmağa daha da həvəsləndirəcək. O
bildirir ki, sovet məkanında hökumət qanunda kəskin və çox maraqlı
bir dəyişiklik etdi. Belə ki, bölgələrdə çalışacaq olan müəllimlər
hərbi xidmətdən azad edildilər. 1973-cü ildə qəbul edilən bu qərar
kənd məktəblərinə axın yaratdı. Kadrlarda xeyli cavanlaşma göründü.
Bu müəllimlər hərbi xidmətdən azad edilsələr də, “arxa cəbhədə”
şücaət göstərirdilər. Hətta sovet hökuməti onları ev və torpaqla da
təmin edirdi. Əksəriyyəti də ömrünün sonuna qədər orada yaşayıb,
ömür sürürdü.
Başqa təkliflərə də nəzər salsaq, rayon və kəndlərə çalışmağa
gedən müəllimləri müvəqqəti mənzillərlə, gələcəkdə isə lazım
gələrsə, torpaq sahəsi ilə təmin edilməlidir.
Yuxarıda sadaladığımız təkliflərin nəzərə alınması, düşünürəm
ki, şəhər və rayon məktəbləri arasında, eləcə də tədris proqramının
normal, səmərəli keçirilməsində böyük, gözəçarpan balans
yaradacaq.
Aida Hüseynova,
Jurnalist