Rauf Əliyev Xocalı soyqırımı ilə bağlı Bolqarıstanda keçirilən video-konfransda iştirak edib (FOTO)

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bolqarıstanın
paytaxtı Sofiya şəhərində bir sıra silsilə tədbirlər keçirilib.

25 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının
Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə
Bolqarıstanın Milli Teleqraf Agentliyində Xocalı soyqırımına həsr
olunmuş “Xocalı faciəsi 30 il sonra: hüquqi və humanitar aspektlər”
adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycan
Respublikası və Bolqarıstan Respublikası parlamentlərinin üzvləri,
Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin
rəhbərləri, ali elmi-təhsil müəssisələri və akademik dairələrin
üzvləri, mütəxəssislər və Azərbaycan diasporu üzvləri iştirak
etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının
Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov Xocalı
soyqırımının bəşəriyyətin ən dəhşətli qətliamları sırasında yer
aldığını və 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ərzində
Ermənistan silahlı qüvvələrinin vəhşiliyi nəticəsində 613 nəfər
günahsız mülki Azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70
yaşlı insanın öldürüldüyünü qeyd etmişdir. Səfir 2020-ci ilin
oktyabr ayında Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin
mülki əhalisini məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci
ildə olduğu kimi eyni qəbildən olan terror əməlinə əl atdığını
diqqətə çatdırmış və Azərbaycana qarşı həyata keçirilmiş hərbi
təcavüz zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan
şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasının ədalətin
zəfər çalmasına xidmət edəcəyini vurğulamışdır.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisin üzvü,
Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstan Respublikası Xalq
Məclisinin üzvləri və elmi təhsil dairələrinin nümayəndələri çıxış
edərək Xocalı faciəsinə dair öz fikirlərini bölüşmüş və soyqırımın
törədilməsində iştirak etmiş şəxslərin beynəlxalq məsuliyyətə cəlb
edilməsinin zəruriliyini qeyd etmişlər.

Konfrans çərçivəsində hüquq elmləri doktoru, professor Namik
Əliyevin bolqar dilinə tərcümə edilmiş “Ermənistan – Azərbaycan
qarşıdurması: hüquqi aspektlər” adlı kitabının təqdimatı
keçirilmişdir. Konfransa online formatda qoşulmuş müəllif nəşr
olunmuş kitabı, eləcə də keçmiş Ermənistan – Azərbaycan
münaqişəsinin tarixi kökləri, Ermənistanın beynəlxalq hüquqa
ziddiyyət təşkil edən fəaliyyəti barədə konfrans iştirakçılarına
məlumat vermişdir.

Daha sonra Bakı Slavyan Universitetinin Kliment Oxridski adına
Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında erməni
işğalçıları tərəfindən dağıdılmış tarixi-mədəni abidələr haqqında
məruzə ilə çıxış etmiş və müvafiq şəkilləri tədbir iştirakçılarına
nümayiş etdirmişdir.

Video-konfransla yanaşı Bolqar Milli Teleqraf Agentliyinin
binasında yerli media nümayəndələri, elmi təhsil müəssisələri və
diplomatik korpusun üzvlərinin iştirakı ilə Xocalı soyqırımının
xatirəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərginin açılışı
baş tutmuşdur.

Eyni zamanda, 25 fevral 2022-ci il tarixində səfirliyin
təşəbbüsü ilə Şuşa rayonu 1 nömrəli tam orta məktəbi və Füzuli
rayonu 3 nömrəli tam orta məktəbləri ilə Bolqarıstanın orta
məktəbləri arasında Xocalı faciəsinin 30-cü ildönümü ilə əlaqədar
video-konfrans təşkil edilmişdir. Tədbirdə Azərbaycanın Qarabağ
bölgəsinin orta məktəblərinin şagirdləri və müəllimləri
Bolqarıstanlı həmyaşıdları və həmkarlarına Xocalı soyqırımı ilə
bağlı ətraflı məlumat vermiş və ətraflı fikir mübadiləsi
aparmışlar.

Qeyd olunan tədbirlər Bolqarıstan kütləvi informasiya vasitələri
tərəfindən geniş işıqlandırılmışdır.

25 fevral 2022-ci il tarixində Sofiya şəhərinin mərkəzi
məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərim oxunmuş, dualar
edilmiş, səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları
Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə gələnlərə
ehsan verilmişdir.

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar səfir Hüseyn
Hüseynov Bolqarıstanın Milli Radiosuna, həmçinin aparıcı yerli
xəbər agentliklərinə Azərbaycanın müasir tarixinin ən faciəli
səhifələrindən olan Xocalı soyqırımı ilə əlaqədar müsahibələr
vermişdir. Səfirliyin təşəbbüsü ilə Xocalı soyqırımına dair
məlumatlar Bolqarıstanın KİV-lərində geniş işıqlandırılmışdır.
Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman)
bəyanatı və Azərbaycanda fəaliyyət göstərən dini icmaların
rəhbərlərinin müraciəti bolqar dilinə tərcümə edilərək
Bolqarıstanın dövlət qurumları, Bolqarıstanda akkreditə olunmuş
diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar, eləcə də
yerli xəbər agentlikləri arasında yayılıb.

Teqlər: