Rasim Quliyevin məhkəməsində şahid dindirildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mədəniyyət Nazirliyinin Mədəni irsin qorunması, bərpası və inkişafı ilə bağlı Dövlət Xidmətinin sabiq əməkdaşı Feyzi Rzayev bildirib ki, Dilarə Əliyeva küçəsində 141 saylı bina hələ sökülməyib: “Mən vəzifədən azad olunana qədər həmin bina sökülməmişdi. Binanın yanında tikinti aparılmışdı və nəticədə Dilarə Əliyeva 141-də çatlar əmələ gəlmişdi. Tarixi binalar mütəxəssislər tərəfəinn qeydiyyata alınır və Nazirlər Kabinetinə göndərilirdi. Dilarə Əliyeva küçəsi 141 ünvanındakı şikayət gəlmişdi. Biz FHN əməkdaşları ilə binaya baxış keçirdik, çatlar əmələ gəlmişdi. Binanın yanında yaşayış binası tikilirdi. Dedilər ki, həmin tikintiyə görə tarixi binada çatlar əmələ gəlib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişik. Biz əraziyə gedərkən binanın zirzəmisi tikilmişdi”.

Vəkillərin suallarını cavablandıran şahid deyib ki, Dilarə Əliyeva 145-in sökülməsini sonradan eşidib: “Həmin bina ilə bağlı məndə məlumat olmayıb. Bir müddətdən sonra eşitmişəm ki, bina sökülüb. Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələr siyahısından silinməsi barədə heç nə bilmirəm. Həmin binanın tarixi abidə olması ilə bağlı bina sakinlərinin bəzilərində müqavilə var idi. Binaya dəymiş ziyan ilə bağlı FHN akt tərtib etməli idi. Mən binanın vəziyyəti barədə arayış yazdım, olduğu vəziyyəti qeyd etdim. Amma nələri yazmışam onu xatırlamıram”.

Vəkil bildirib ki, şahid binanın vəziyyəti barədə nə yazdığını xatırlamır, bununla da suallardan yayınır. Şahid bildirib ki, arayışda binanın vəziyyəti qeyd edilib: “Aktı tərtib edib Bakı şəhər İcra Hakimiyyətinə, bir nüxsəsini Fövqəladə Hallar Nazirliyinə verdik, biri isə özümüzdə qaldı”.

Şahid bildirib ki, binaya baxış keçirilmə və akt tərtib olunması tarixi yadında deyil: “Bilirəm ki, Dilarə Əliyeva 141-in bir hissəsi sökülmüşdü. Sakinlər bildirdilər ki, binanın sökülməsi dayandırılsın və bina bərpa olunsun”.

Daha sonra prosesdə ifadə verən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və Baş memarı olmuş Akif Abdullayev isə bildirib: “Mən tarixi binalarla məşğul olmamışam. Mən yalnız təzə tikilən binalara baxmışam. Bakı şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra ediridim. 76-cı ildən Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişəm. Rəis müavini olanda adətən layihələrə baxırdım. Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbov da olurdu. Rasim Quliyevi tanıyıram. Dilarə Əliyeva 141 ünvanının sökülməsi ilə bağlı sərəncam verilmişdir. Sonradan dedilər ki, həmin ərazidə metrostansiya tikmək istəyirdilər. Ona görə sərəncam dayandırıldı”.

Prokurorun suallarını cavablandıran A.Abdullayev deyib ki, Rasim Quliyevi aparat rəhbəri kimi tanıyıb: “Mən bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım.

Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyətinin birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu bilmirdim və maraqlanmırdım”.

Rasim Quliyev isə bildirib ki, Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan sonra çox güman ki, möhür Akif Abdullayevə verilib: “Amma mənə verilməyib. Məndə olan möhürü vəzifədən azad olunanda aktlaşdırıb təhvil vermişəm”.

A.Abdullayev deyib ki, hər hansısa bina tikintisinə icazə verilərkən sənədləri araşdırmaq ixtiyarı olmayıb: “Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaq idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik”.

Prosesdə A.Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb. Hakim bildirib ki, sualları düzgün cavablandırmaq lazımdır: “Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?”.
A.Abdullayev deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy verilmirdi: “Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi.

Hakim: – Necə yəni, kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz?

A.Abdullayev: – Lazım olsa, rəy alıb onu da sökmək olardı.

A.Abdullayev bildirib ki, Rasim Quliyevin hansı binanın sökülməsinə sərəncam verdiyini xatırlamır.

Dövlət ittihamçısı qeyd edib ki, A.Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsində ziddiyyətlər var.

A.Abdullayev deyib ki, o, tikinti işlərinə, təzə salınan məhəllələrə, tikilən yollara, kommunikasiya xətlərinə nəzarət edib.

Vəkilin suallarını cavablandıran A.Abdullayev bildirib ki, Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarındakı söküntülərdən xəbəri olmayıb.

Hakim bildirib ki, A.Abdullayev 45 il Bakı Şəhər İcra Hakimiyyətində işləyib, amma sualları cavablandıra bilmir: “Siz iş üzrə əsas şahidlərdənsiniz. Bu prosesdə sizin iradəniz mühüm rol oynayır. Siz isə suallara cavab verə bilmirsiniz. Yaddaşınızı təzələyin, növbəti prosesdə aydınlıq gətirin”.

İş üzrə növbəti proses sentyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Teqlər: