“İdeal”ın keçmiş sahibinin məhkəməsində şahid dindirilib

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində ifadə verən 2006-2017-ci illərdə “İdeal”da işləmiş Həbib Qarayev bildirib ki, əvvəl mağazada inzibatçı işləyib. Daha sonra mağazalardan pulu toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla məşğul olub.

Şahidin sözlərinə görə, bəzən də kredit ödənişləri və digər məsələlər üçün şirkətin kassasından ona vəsait verilirdi, o da tapşırığı icra edirdi: “Şirkətin inkişafı, yeni mağazaların açılması və ya təmiri üçün nəzərdə tutulan pul, şirkət üçün götürülən kreditlər İlqar İsmayılovun adına idi. O, kreditlərin ödənişi üçün də kassadan pul verilirdi, aparıb ödəyirdim”.

Şahidə “Yapıkredibank”dan götürülmüş və “İdeal”ın kassasına mədaxil edilmiş 939 min dollar barədə qəbz təqdim olunub. Həbib Qarayev sənəddəki imzasını təsdiqləyib.
Həbib Qarayev deyib ki, o, digər təsisçiyə çatası gəliri dəfələrlə aparıb onun nümayəndəsi Fuad Əliyevə təqdim edib: “Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu…”

Daha sonra şahidlərinin dindirməsi başa çatıb. Vəkillər əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldıraraq digər təsisçisinin dindirilməsini istəyib: “Elektron yazışmalardan aydın olur ki, faktiki rəhbərlik digər təsisçiyə məxsus olub. Ən xırda məsələlərdən də onun xəbəri olub. Az qala, şirkətə süpürgə alınmasına qədər, hər şey onun göstərişiylə baş verib. Həm də məhkəmədə dindirilən şahidlər ona mütəmadi şirkətdən gəlirlər verildiyini bildiriblər”.

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkillər məhkəmədə şahid Fuad Əliyevin dindirilməsini istəyiblər: “Məhkəməyə təqdim edilən yazışmalarda Fuad Əliyevin də elektron məktubları var. Payların bölünməsində o da iştirak edib. Bundan əvvəlki şahid də dedi ki, digər təsisçiyə çatası məbləği aparıb Fuad Əliyevə verirdi. Əvvəlki məhkəmə iclasında mühasib Samirə Quliyeva da bu təsdiqləmişdi”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkillər, həmçinin 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş, cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, o zaman da iş adamı eyni ittihamla həbs olunmuşdu: “Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkil İlhamə Həsənova bildirib ki, məhkəmə bütün vəsaitləri təmin etmədiyinə görə, məhkəmə tərkibinə yazılı etiraz təqdim edəcəklər.

Proses oktyabrın 4-də davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: