Ramiz Mehdiyevi atam qədər istəmişəm. Pis günündə də yanında olmuşam.
AzerTimes xəbər verir ki, bu sözləri “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə ifadə verərkən deyib.
O, Ramiz Mehdiyev xəstəxanada yatanda yanında qaldığını söyləyib.
Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub. Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.