Ramiz Mehdiyev istefa verməlidir – Səttar Möhbalıyev

AMEA-nın prezidenti Ramiz Mehdiyev özünü çox çətin və çıxılmaz
vəziyyətə salıb. Hər gün tənqid girdabında çabalayır. Onu da deyim
ki, bu durumu yaradan Ramiz Mehdiyevin özüdür. Məni düşündürən odur
ki, 30 ilə yaxın müddətdə ölkənin hakim komandasında yüksək rəhbər
vəzifə tutan Ramiz Mehdiyev niyə özünü bu çətin duruma salıb. Bax,
bu, təəccüb doğurur.

Ramiz Mehdiyev səhərdən axşama kimi kimə gəldi acı dilini
uzadır. Hətta Milli Məclisin deputatlarını ağır təhqir etməkdən,
onlara “troll” damğası vurmaqdan belə çəkinmir. Azərbaycan
hökumətilə dialoqa gedən siyasi partiyaları “Cib müxalifəti”
adlandırır. Ramiz Mehdiyev uzun illər təmsil olunduğu Azərbaycanın
hakim komandası başda olmaqla, hər kəsə savaş açır, həddindən artıq
sərt sifarişlər göndərməyə can atır. O, dövrünün bitməsi və qüruba
enməsi ilə heç cür barışmaq istəmir. Mən bir deputat kimi buna çox
təəssüflənirəm.

Ramiz Mehdiyev Azərbaycanın qanunverici orqanı olan Milli
Məclisin deputatları haqqında durmadan qeyri-etik sözlər işlədir və
onlara çirkab atır.

Ramiz Mehdiyevin Milli Məclisin ünvanına xoşagəlməz sözlər
deməyə, yersiz təhdidlər irəli sürməyə haqqı çatmır. Mənə elə gəlir
ki, Ramiz Mehdiyev dirəniş göstərməməli, sabah yox, elə bu gün
istefa verməlidir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında çox ciddi böhran
yaşanmaqdadır. Artıq ölkənin bir çox ziyalıları Ramiz Mehdiyevə öz
etirazlarını bildirir və Akademiyanın rəhbərliyinin
dəyişdirilməsini təkidlə tələb edirlər. Buna görə də o,
qeyd-şərtsiz istefa verməlidir. Çünki Ramiz Mehdiyev bu elm
məbədini daha da inkişaf etdirmək, Azərbaycan elmini dünyaya daha
çox tanıtdırmaq, yeni-yeni elmi naliyyətlər əldə etmək əvəzinə, elm
ocağını dedi-qodu, intriqa yuvasına çevirib. Bundan çıxış yolu
yalnız onun istefasından keçir. İnanırıq ki, bu məsələ tez bir
zamanda öz həllini tapacaq.

Səttar Möhbalıyev
AHİK-in sədri, Milli Məclisin deputatı

Teqlər: