Ramiz Göyüşov məhkəməyə gətirilsin – Həbsdə olan jurnalistin vəkili

Xəbər - Samir Əli – Trend:

Bu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Mahir Ələkbərovun Ramiz Göyüşovla olan telefon danışıqları dinlənilib.

Zərərçəkmiş Ramiz Göyüşov iclasda iştirak etməyib. O, səhhəti ilə bağlı məhkəməyə ərizə göndərərək prosesə gələ bilmədiyini, onun iştirakı olmadan məhkəmənin keçirilməsini istədiyini bildirib.


Daha sonra Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda Ramiz Göyüşovun iştirak etməsinin təmin olunmasını istəyib. Vəkil bildirib ki, Ramiz Göyüşova veriləcək sualları var və buna görə də zərərçəkmişin prosesdə iştirakı vacibdir.
Növbəti məhkəmə prosesi yanvarın 14-nə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Teqlər: