Ramazan ayında hansı qidalara üstünlük verilməlidir?

Səadət Hənifəyeva, PR menecer, Veysəloğlu Şirkətlər
Qrupu

Ramazan düşüncə, özünü təkmilləşdirmə, xeyirxahlıq və mənəviyyat
üçün xüsusi vaxtdır. Oruc tutmaq isə müqəddəs ayın əsas
sütunlarından biridir. Orucun sağlamlığınıza və emosional
rifahınıza göstərə biləcəyi müsbət təsirlərdən bəziləri bunlardır:
“pis” xolesterinin tənzimlənməsi, iştahın cilovlanması, bir ay
davam edən detoks və nəhayət, daha yaxşı əhval-ruhiyyə və zehni
aydınlıq.

Mənəvi “təmizləmə” ilə yanaşı, oruc tutmaq həyat tərzinizə və
həzm sisteminizə müsbət təkan verir. Bədəniniz daha az yeməyə
alışdıqca, həzm sisteminiz “dincəlmək” imkanını qazanır və mədəniz
tədricən kiçilir. Bu, iştahınızı azaldır və nəticələr bir çox dəbdə
olan diyetlərdən daha uzun müddət davam edir.

Oruc tutduğunuz zaman bədən piyi ehtiyatlarınız istifadə olunur.
Özünüzü məhdudlaşdırmaq həm də bədəninizi piy yataqlarında ola
biləcək zərərli toksinlərdən təmizləyir. Başqa sözlə, bu bir aylıq
əsaslı “təmir”dən sonra vücudunuz təbii şəkildə toksinlərdən xilas
olunur.

Ramazan ayında sağlamlığınızı yaxşılaşdırmanın
yolları

Ramazanın təbii faydaları ilə yanaşı, sağlam yanaşmanı özünüzün
mənimsəməyi də vacibdir. Məsələn, iki-üç xurma və ilıq su ilə iftar
etmək əsas yeməkdən əvvəl bədəninizə ani enerji qazandırır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai
Şuranın üzvü, tanınmış həkim-diyetoloq İlqar Şamilov iftar yeməyinə
başlamaq ücün şorba tövsiyə edir:

“Əsas iftar yeməyi üçün yüngül şorba əla seçimdir, çünki uzun
müddət ac qaldığımız üçün mədə-bağırsaq problemləri yaşamamağa və
həzm prosesinin normal davam etməsinə kömək edir. Ağır, qaymaqlı və
qızardılmış qidaların, həmçinin duzlu və ya şəkərli yeməklərin
qəbulunu məhdudlaşdırmağa çalışın. Daha yağsız ət parçaları, tam
taxıl və ya yeməklərə qarnir olaraq, qəhvəyi düyü, bulğur,
qarabaşağı seçməyi, həmçinin tərəvəz və göyərtiləri də daxil etməyi
unutmayın!”

Diyetoloq və qastroenteroloqlar yemək yeyərkən tələsməməyi və
porsiyalarınızın həcminə nəzarət etməyi məsləhət görürlər. Oruc
tutarkən sahur günün ən vacib yeməyi olmalıdır. Veysəloğlu
Şirkətlər Qrupuna aid “Xonça” Fabrikinin İstehsalat direktoru,
Milli Kulinariya Mərkəzinin üzvü, beynəlxalq dərəcəli jüri və
qənnadıçı Rəhman Ələkbərov öz tövsiyələrini bölüşür:

“Sahurunuzu yulaf əzməsi, pendir ya süzmə, meyvə və tərəvəz kimi
vitamin və minerallarla zəngin qidalarla balanslaşdırın. Yulaf,
bulğur və tam taxıllı çörəklər, badımcan kürəsi və qatıq da daxil
olmaqla, aşağı qlikemik indeksi olan bəzi qidalar yaxşı seçimdir,
çünki gün ərzində enerjini yavaş-yavaş buraxır. Bol içməyi də
unutmayın – su, süd, ayran. Ümumiyyətlə, su və ya şəkərsiz yüngül
çay içməyi üstün tutun. Təmizlənmə və həzmə kömək etmək üçün limon
dilimləri və ya təzə nanə də əlavə edə bilərsiniz”.

Ramazan həm də siqaret və ya şəkər aludəçiliyi kimi zərərli
vərdişlərdən qurtulmaq üçün bir şansdır. Bir az özünüzə nəzarəti
gücləndirməklə, siz oruc saatlarında və ondan sonra da
asılılıqlarınızdan qorunmağa davam edə bilərsiniz.

Teqlər: