Quzeydə Novruz Güneydən daha əzəmətli keçirilir – Şizli

Quzeydə Novruz Güneydən daha əzəmətli keçirilir – Şizli

Novruz bayramı mərasimləri İranda, xüsusilə də Güney Azərbaycanda və Quzey Azərbaycanda demək olar ki, eyni cür qeyd olunur. Amma ölkənin inkişafı ilə əlaqədar bəzi fərqlər var. Bu fərqləri Güneydən Bakıya gələndə gördüm.

Bu sözləri AzerTimes-a güneyli fəal və yazıçı İbrahim Şizli deyib.

O, Bakıdakı bəzi Novruz adət-ənənələrinə təəccübləndiyini bildirib:

“Bakıya yeni gələndə mənə bir neçə ənənə çox maraqlı gəldi. Məsələn, papaqatdı. Bu, şalsallamanın yeni forması idi. Bir də görürdün qapı döyüldü və qarşında papaq var. Elə bilirdik ki, kimsə papağını unudub və onu götürürdük. Belə gülməli bir vəziyyət yaranırdı. Bu tayda dörd dəfə çərşənbə qeyd olunur. Dörd dəfə od yandırılır. Güneydə iki dəfə – Su və Od çərşənbəsində tonqal qalanır. Bizim məhəlləmizdə cavan uşaqlar tonqalın ətrafına yığışıb, oxuyub-oynayırdılar, heyrətlənirdik. Həmçinin, bayram axşamları da bu cür tonqal mərasimləri keçirirdilər. Musiqi alətləri gətirib, ifa edirdilər. O tayla müqayisədə çox fərqli keçirilirdi. Gördüklərimə əsasən, deyə bilərəm ki, buranın Novruz bayramı çox əzəmətli, şanlı idi. Hətta dövlət səviyyəsində yüksək səviyyədə qeyd olunur. Mən buradakı mərasimlərdən videolar hazırlayıb, dostlarıma göndərirəm ki, baxsınlar, burada necə əzəmətli qeyd olunur. Çoxu elə bilir ki, bu tərəfdə qeyd olunmur”.

O, getdikcə bayramların əvvəlki təmtəraqda qeyd olunmamasından şikayətlənib:

“Bunları qoruyub-saxlamaq lazımdır. Bu il yaşadığımız ərazidə, düzü, daha sönük keçdi. Əvvəl tonqal ətrafına çoxlu gənc toplaşırdı. Bu dəfə isə məhəlləmizdə nə çərşənbələrdə od yandırıldı, nə də bayramda. Bu da ola bilsin, camaatın yaşayış tərzi ilə əlaqəlidir. Bir telefonla, şəkilli mesaj göndərməklə bayramlaşırlar. Buna çox təəssüf edirəm. Dəyərlərimiz tariximizdir. Bu tarixi ənənələrimiz yavaş-yavaş yaddaşlardan silinir. Bunu belə görmək istəmirəm”.

Teqlər: