Quterreşin Moskva və Kiyev səfərlərinin məqsədi açıqlanıb

BMT-nin baş katibi Antonio Quterreş bu həftə Moskva və Kiyevə
səfərləri zamanı hərbi əməliyyatların dayandırılması və ehtiyacı
olanlara humanitar yardımın göstərilməsini müzakirə etmək
niyyətindədir.

Trend xəbər
verir ki, bunu bazar ertəsi keçirilən brifinqdə BMT baş katibinin
nümayəndəsinin müavini Fərhan Haq bildirib.

Onun sözlərinə görə, yekun məqsəd atəşkəs və Ukraynada
insanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq, üzləşdikləri
təhlükələri azaltmaq və humanitar yardım göstərmək yollarının
yaradılmasıdır.

“Həmçinin, BMT-nin Mariupol bölgəsində humanitar atəşkəs kimi
təşəbbüsləri, humanitar dəhlizlərin yaradılması müzakirə edilə
bilər. Görüşlərin nəticəsini indidən proqnozlaşdırmaq hələ tezdir”,
– F.Haq bildirib.