Kəmaləddin Heydərov İsrailin maliyyə naziri Aviqdor Libermanla görüşüb (FOTO)

25 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin
inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar
naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan
İsrail Dövlətinin maliyyə naziri Aviqdor Libermanla görüşüb.

Trend Nazirliyə
istinadla xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan nazir
Kəmaləddin Heydərov ölkələrimiz arasında münasibətlərin yüksələn
xətlə inkişaf etdiyini xatırladıb. O, qonağa Fövqəladə Hallar
Nazirliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
İki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi
üçün yaxşı potensialın olduğunu vurğulayan nazir, bu çərçivədə
gələcəkdə fövqəladə halların idarə edilməsi üzrə hökumətlərarası
sazişin imzalanmasının göstərilən istiqamətdə əlaqələrin inkişafına
təkan verə biləcəyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən İsrailin maliyyə naziri
Aviqdor Liberman ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin
mövcud olduğunu qeyd edib. Qonaq hər iki ölkənin uyğun qurumları
arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq,
fövqəladə hallarla mübarizə üzrə hökumətlərarası sazişin potensial
olaraq imzalanması ilə bağlı səsləndirilən məsələni müsbət
qiymətləndirdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Teqlər: