Qüds kimindir? Azərbaycanlılar onu necə qoruyub?

Qüds kimindir? Azərbaycanlılar onu necə qoruyub?

Birinci yazı

Bu gün “Qüds (Yerusəlim) kimə məxsusdur” məsələsi ən çox müzakirə edilən mövzudur. Yəhudilər buranın qədim sakinləri olduqlarını iddia edirlər, ərəblər də bildirirlər ki, Davud peyğəmbər buranı işğal edənə qədər onların “Salam“ adlı qalası olub burda.

Bu iddialarında ərəblər yəhudilərin dini kitabına istinad edirlər. Tövrat mətnlərində “Salam şəhəri” kimi qeyd olunur bura. Yəhudi, xristian və müsəlmanların müqəddəs şəhəri sayılan Qüds haqqında yəhudi və ərəb alimləri o qədər şovinst yanaşma göstərirlər ki, daha bu barədə oxumaq istəmirsən. Bu iki əmioğlu xalq – İbrahimin bir-birindən küsən oğlanları arasında əsrlərdir nifaq bitmək bilmir.

Qüdsdə ərəblərdən də, yəhudilərdən də öncə xalqlar yaşayıb, lakin sivilizasiyalar məhv olduqca tarix də silinir. Bu başqa mövzudur. Əsas məsələ odur ki, həm ərəblər, həm də yəhudilər türklərin bu şəhəri daha müqəddəs sayaraq, onu daim qoruduqlarını yazmırlar. Əgər bu şəhər ərəb-yəhudilər üçün elə müqəddəsdirsə, Avropadan “Səlib yürüşü” adı altında gələnlərin qarşısında durardılar.

Tarixin bizə məlum hissəsində daima bu şəhəri türklər qoruyub və əmin-amanlıq onların dövründə olub. Səlibçilər bura din uğrunda savaşa yox, Şərqin bu ən qədim və üç dinin müqəddəs şəhərinə nəzir kimi gətirilən qızıl-gümüşün talan edilməsi üçün gəliblər. Tarixin bütün dövrlərində rast gəldiyimiz qaynaqlarda bu müqəddəs şəhəri qoruyan yalnız türk hökmdarları və xalqları olub.

Məsəl üçün avropalı tədqiqatçı Hillenbrand “The Crusades: Islamic perspectives. Edinburgh, 1999.” səhifə 64-də yazır: “Şübhə yoxdur ki, müasir müsəlman tarixşünaslığı Səlib yürüşləri dövründə türklərin rolunu düzgün qiymətləndirmir. Bu gün müsəlman ərəblər səlibçilərə qalib gələn böyük cihad döyüşçülərinin (mücahidlərin) demək olar ki, hamısının – Zəngi, Nurəddin, Baybarsın – türk olmasına şübhə etməsələr də, bu faktı lazımi səviyyədə gizlədirlər”.

Eyni zamanda Səlahəddin Əyubi, Sultan Səlim, Əbdülhəmid xan və digərləri Qüdsü daha müqəddəs sayaraq, onu qorumağı özlərinə bir borc hesab ediblər. Səlcuqların Qüds uğrunda mübarizəsini də yaddan çıxarmaq olmaz.

Yerusəlim krallığında ruhani və ictimai xadim, kral I Amorinin saray tarixçisi, Səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri Tirli Vilhelm (və ya Tirli Giyom) Səlcuqların səlibçilərə qarşı savaşı haqqında yazır: “Türk oxları yağış kimi yağırdı. Xristianlar onları təqib etmək istəyəndə türklər arxalarına dönüb qılınclardan qaçaraq oxları yağdırmağa davam etdilər”.

Türklərin Qüdsü qoruması uğrunda mübarizəsi barədə aşağıdakı kitabları məsləhət görərdim:

1) Sivan E. Modern Arab historiography of the Crusades. Tel-Aviv, 1973

2) Chamberlin J. Imagining defeat an Arabic historiography of the crusades. Monterey, 2007

3) Hillenbrand C. The Crusades: Islamic perspectives. Edinburgh, 1999

4) Tyerman C. The Debate on the Crusades, 1099–2010. Manchester, 2011 və sairə.

Qüdsün qorunması və inkişafında böyük rolu olan türklər barədə ilk yazımı təqdim edirəm: öncə Zəngilər sülaləsinin bünövrəsini qoymuş, Oğuz türklərindən olan Atabəy I İmadəddin Zəngi barədə.

Adları qədim mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Qarabağın gözəl şəhəri olan Zəngilan ərazisindən Mosul şəhərinə də köçən zəngilər burada məskunlaşıblar və sonradan Dəməşq şəhərinin əmiri olacaq Nurəddin Mahmud Zəngi 1116-cı ildə burada anadan olur. Milliyətcə əfşar türkü olan Nurəddin Zəngi I İmadəddin Zənginin oğludur. Sonradan dünya tarixində imza qoyacaq Səlahəddin Əyyubini 17 yaşında öz sarayına dəvət edib onu hərbiçi və siyasətçi kimi yetişdirən məhz Nurəddin Zəngi olub. (Bax: Steven Runciman, A History of the Crusades, vol. II: The Kingdom of Jerusalem. Cambridge University Press, 1952.)

Onun təsvir edən tarixçilər yazırlar: ”O, hündürboy, qara saçlı, yaraşıqlı, enli alınlı və üzünün sadəcə çənə hissəsində tük olan bir insan kimi təsvir edilir. O, həmçinin, istedadı, cəsarəti, təqvası və gözəl xasiyyəti ilə tərif edilir”.

Onun bayrağı sarı bir fonda göy rəngli qartal rəsmli idi, 1517-ci ilə qədər dəyişməz olaraq istifadə edildi. Qeyd edim ki, sarı rəng türk dövlət ənənəsində suverenliyi simvolizə edir.

İlk səlibçilər Qüdsü ələ keçirdikləri zaman müsəlmanların əksəriyyətinin Əl-Əqsa məscidində bağlı halda aşkarlayıblar. Səlibçilər oradakı müsəlmanların təxminən 70 minini qətlə yetirib, Qiblə məscidinin özünü isə saraya çeviriblər. Qaya günbəzini kiçik kilsəyə, aşağı otaqları isə at tövləsinə çeviriblər. Kütləvi qətliamda sağ qalan müsəlmanlar daha sonra məscidin mərkəzində böyük xaçlar üzərində çarmıxa çəkiliblər. (Bax: Камал ад-дин ибн ал-Адим. Сливки, снятые с истории Халеба // Из истории средневековой Сирии / пер. Л. А. Семеновой. — М.: Наука, 1990).

Səlahəddin Əyyubinin ustadı olan Nurəddin Zənginin sayəsində Əqsa məscidi səlibçilərdən geri alınır və məscid yenidən təmir edilir. Qüdsü daima qorumağı və onu səlibçilərə verməməyi vəsiyyət edən, İslam tarixində ilk dəfə olaraq müsəlmanları bir araya gətirib səlibçilərə qarşı müdafiə olunmağın bünövrəsini məhz Nurəddin Zəngi olmuşdur. İbn Əl-Əsir yazır: “İslam tarixində ən ədalətli hökmran əfşar türkü olan Nurəddin Zəngi idi. Atabəy coşğun, güclü, heyrətləndirici idi və qəfildən hücuma keçməyə vərdiş etmişdi… Zəngi at minəndə qoşunlar onun arxasıca iki cərgə sap kimi getməyə çalışar, qorxaraq məhsulların yanıyla hərəkət edər və qorxudan heç kim onları tapdalamağa və ya atına minməməyə cəsarət etməzdi… Hər kim həddini aşsa, çarmıxa çəkilərdi. O (Zəngi) deyirdi: “Eyni zamanda birdən çox zalımın olması mümkün deyil” (Bax: Ибн ал-Асир. Ал-Камил фи-т-тарих (Полный свод истории) / Пер. с араб., комм. чл.-корр. АН Республики Узбекистан П. Г. Булгакова; Доп. к пер., прим. и комм., указ. Ш. С. Камолиддина. — Ташкент, 2006. — 560 с.)

Sufi olan Nurəddin Zəngi islamın qoruyucusu idi.

Çoxsaylı məscid, xəstəxana və məktəb tikdirən Nurəddin Zəngi Əqsa məscidini dünyanın ən gözəl tikilisi etmək istəyirdi. Onun vaxtında burada bütün dinlərdən olan şəxslər eyni anda ibadət edə bilirdilər. Məscidin ilk imamları içərisində Azərbaycanın Zəngəzur və Zəngilan bölgəsindən gedən din adamları da olublar.

Onun ən böyük işi məsciddə quraşdırılması üçün tikilən xüsusi minbər olur. Bu minbər çox gözəl olub və heç bir mismar və yapışqandan istifadə edilmədən hazırlanmışdı. Təəssüf ki, Zəngi səlibçilər üzərində qazanılan qələbəni görə bilmir, səlibçilərdən böyük pul alan qulu tərəfindən öldürülür, lakin onun şagirdi Səlahəddin Əyyubi ustadının istəyini həyata keçirir və Qüds azad edildikdən sonra minbəri məsciddə quraşdırır. Təəssüf ki, minbər günümüzə qədər gəlib çatmayıb. 1961-ci ilin 21 avqustunda Avstraliyada “Allahın kilsəsi” adlanan təşkilatın üzvü olan Maykl Denis Roxan tərəfindən məscid yandırılan zaman Nurəddin Zənginin arzusu ilə Səlahəddin Əyyubinin bura qoyduğu minbər də yanaraq kül olur.

Şəkildə Nurəddin Zəngi və onun məzarıdır.

Teqlər: