Qubadlıda bu kəndlərin təməli qoyuldu – Foto

Qubadlıda bu kəndlərin təməli qoyuldu – Foto

Mayın 4-də Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirildi ki, kənd Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur.

Qeyd edilib ki, birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin inzibati bina, məktəb, uşaq bağçası, ailə sağlamlıq, klub icma və idman sağlamlıq mərkəzləri fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Xanlıq kəndinin təməlini qoyub.

***

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Mahruzlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verilib.

Qeyd olunub ki, kənd Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.

Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.

Sonra kəndin inkişaf planı barədə videoçarx nümayiş olunub.

Prezident İlham Əliyev Mahruzlu kəndinin təməlini qoyub.

Teqlər: