Qubada yanan məktəbin yerində gələn həftə yenisi tikiləcək – RƏSMİ (FOTO/VİDEO)

Xəbər - Çingiz Səfərli – Trend:

Qubanın Zıxır kəndində yanan modul tipli məktəbin yerində gələn həftə yeni binanın inşasına başlanılacaq.

Bu barədə AzerTimes-a Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, dünən axşam 19:40 radələrində güclü yanğın baş verib və 240 kvadrat metr sahəsi olan məktəb tamamilə yanıb.


“Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara görə yanğın qısaqapanma səbəbindən meydana gəlib. Araşdırma aparılır. 80 yerlik olan modul tipli bina 2019-cu ildə inşa olunmuşdu. 26 şagird təhsil alır. Şagirdlər müvəqqəti köhnə məktəb binasına köçürülüb. Tədris davam edir. Yeni binanın tikintisinə gələn həftə başlanılacaq” – deyə, təhsil şöbəsinin müdiri bildirib.

Teqlər: