Xəbər - Samir Əli – Trend:
Quba rayonunda tanışını qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
AzerTimes-ın məlumatına görə, Quba rayon sakini Söhrab Baratovun qətlində təqsirləndirilən Ələskər Ələskərovun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icratına verilib.
Xatırladaq ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Quba rayonu, Vladimirovka kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Baratov Söhrab Fizuli oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ələskərov Ələskər Şakir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ələskər Ələskərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.