Qriqoryanın səfəri İrəvanın Kremlə növbəti təxribatıdır?

Qriqoryanın səfəri İrəvanın Kremlə növbəti təxribatıdır?

2020-ci ildən etibarən Ermənistanın indiki hökumətinin əsas siyasəti Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. Qərb güc mərkəzləri ilə görüşlər də, danışıqlar da bu məntiqdən irəli gəlir.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Qarnik Davtyan Ermənistan Təhlükəsizlik Şurası katibinin Böyük Britaniyaya səfərini şərh edərkən deyib

“Qriqoryanın Böyük Britaniyanın xarici kəşfiyyatının rəhbəri, Mİ6-nın direktoru Riçard Murla görüşdüyünü nəzərə alsaq, London səfəri xüsusilə diqqətəlayiqdir. Mur İngiltərənin Türkiyədəki keçmiş səfiri olub və daha güclü Türkiyə-Britaniya strateji tərəfdaşlığının güclü tərəfdarı kimi şöhrət qazanıb. Qriqoryan bu ölkənin xarici işlər nazirinin Avropa məsələləri üzrə dövlət naziri Leo Doherti ilə də görüşüb. Danışıqlar zamanı təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Böyük Britaniya ənənəvi olaraq Cənubi Qafqazda Türkiyə-Azərbaycan maraqlarının hamisi kimi qəbul edilir. Və Ukrayna böhranı fonunda Rusiya ilə son dərəcə gərgin münasibətləri nəzərə alsaq, Londonun regiondakı siyasəti də Moskvanın rolunu zəiflətmək cəhdləri ilə əlaqələndirilir”, – o bildirib.

Davtyan rus sülhməramlıları və ümumiyyətlə, Rusiya hərbi faktorunu bölgədən sıxışdırıb çıxarmaq istəyinə diqqət çəkib:

“Böyük Britaniya Azərbaycanla münasibətləri çox ciddi səviyyəyə çatdırıb, onun Bakıdakı səfiri daha çox azərbaycanlı təbliğatçıya bənzəyir. Diplomat Qarabağa səfər edir, onları Azərbaycan torpaqları adlandırır, iqtisadi layihələrdən danışır. Bakının Londona yönəlməsi birbaşa Britaniya-Türkiyə münasibətləri ilə bağlıdır. London və Ankara arasında əməkdaşlıq xüsusilə təhlükəsizlik sahəsində özünü büruzə verir və xüsusi xidmət orqanları səviyyəsində qarşılıqlı fəaliyyət son illər şok tempi ilə inkişaf edir. Britaniyalıların Türkiyə və Azərbaycanın maraqlarına daha çox xidmət etdiyini desək, mübaliğə olmaz. İndi isə onlar arasında bu qədər sıx koordinasiya fonunda Böyük Britaniyanın Ermənistanın təhlükəsizliyini necə təmin edə biləcəyini anlamaq çətindir. Ehtimal etmək olar ki, söhbət Rusiyanın maraqlarına qarşı yönəlmiş proseslərdən gedir. Baxmayaraq ki, indiki mərhələdə bu antirusiya “hazırlıqları” o qədər də görünməz və hiss olunmaya bilər”.

Onun fikrincə, faktiki olaraq Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün qorunması sahəsində hələ də əhəmiyyətli bir iş görməyib, müttəfiqlərlə də işləyə bilməyib:

“Londonun İrəvana təhlükəsizliyi üçün nə vəd edəcəyi də məlum deyil. Artıq iki aydır ki, AB-nin mülki monitorinq missiyası fəaliyyət göstərir və onun müddəti tezliklə başa çatacaq. Onların monitorinqinin nəticələrindən cəmiyyət hələ heç nə bilmir, məlumat yoxdur. İndi Britaniya AB-nin etmədiyi işi görməlidir?! Düşünürəm ki, Qriqoryanın danışıqları real təhlükəsizlik tədbirlərinin hazırlanmasından daha çox siyasi razılaşmaların əldə olunmasına yönəlib”.

Teqlər: