Qlobal Fondun layihələri Azərbaycanda vərəmlə mübarizəyə böyük töhfə verir – Teymur Musayev

“Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısı
keçirilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq
qurumun budəfəki iclası onlayn formatda təşkil olunub.

Öz çıxışlarında Qlobal Plan İşçi Qrupunun sədri, iştirakçı
ölkələrin səhiyyə nazirləri təəssüf hissi ilə qeyd etdilər ki,
vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır
və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir.

Toplantının “Vərəmin maliyyələşdirilməsi mənbələri” mövzusuna
həsr olunmuş panel sessiyasında Azərbaycanın səhiyyə naziri Teymur
Musayev çıxış edib.

Teymur Musayev qeyd edib ki, 2012-ci ildən başlayaraq Azərbaycan
hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları
hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər
müvafiq xərclərin tam ödənilməsinə başlanılıb: “Eyni zamanda,
2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal
Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində
yaxından iştirak edir. Hazırda Qlobal Fondun layihələri davamlı
olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük
töhfə verir”.

“2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin
yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir. Onun həyata
keçirilməsi koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq,
ilkin nəticələr ümidvericidir. İcbari tibbi sığortanın tətbiqi
planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini
nəzərdə tutur. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə
əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox
müsbət nəticələr əldə edə bilərik”, – deyə Teymur Musayev fikrini
tamamladı.

“Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısı bu
gün yekunlaşacaq.

Teqlər: