Qızıl medal məşqçimizə ən gözəl hədiyyə oldu – Azərbaycan gimnastları (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Qazanılan qızıl medal məşqçimiz üçün ən gözəl hədiyyə oldu.

Bunu AzerTimes-a Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci
dünya yaş qrupları yarışlarında qızıl medal qazanan qadın
qrupumuzun üzvləri Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə
Məmmədzadə deyiblər.

Xatırladaq ki, Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə
Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika
gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında 28,930
xalla birinci yeri tutub.

“Bugünkü çıxışımız əla alındı, özümüzü topladıq və proqramı
gözəl yerinə yetirdik. Buna görə də qızıl medal aldıq. Bizə dəstək
olan, uğurumuza inanan hər kəsə təşəkkür edirik”, – deyə Leyla
Bəşirova bildirib.

Nəzrin Fərmanova vurğulayıb ki, yarışlardan ən müsbət
təəssüratlar qalıb və qazanılan təcrübə gələcək üçün böyük təcrübə
olacaq.

“Mən də komanda yoldaşlarım kimi bugünkü nəticədən çox razı
qaldım. Çox məşq etdik, yarışa hazırlaşdıq, hesab edirəm ki,
qrupumuz bu medala layiq idi”, – deyə Mənsumə Məmmədzadə əlavə
edib.

Gimnastlar bildiriblər ki, onlar üçün ən rahatı balans
hərəkətlərini yerinə yetirməkdir.

“Finalda biz kombinə edilmiş hərəkətlər təqdim etdik, onda səhv
etmək olmazdı. Etiraf edirik ki, Vətənimizdə çıxış etmək
məsuliyyətlidir, lakin biz böyük dəstək hiss etdik, bu, bizə güc və
stimul verdi. Yarışda güclü rəqiblər var idi, hamı mükafat uğrunda
mübarizə aparırdı”, – deyə idmamçılar bildirib.

Azərbaycan gimnastları qeyd ediblər ki, onların hərəkətlərində
çətin elementlər də var idi.

“Elementlər asan deyildi və biz bu yarışlarda başqa ölkələrin
gimnastları arasında belə proqramlara rast gəlmədik. Ən əsası,
öhdəsindən gəldik. Bu tərkibdə qrup beş ildir ki, çıxış edir və bu
müddət ərzində biz bir-birimizə öyrəşmişik və tam etibar
edirik”.

Qeyd edək ki, Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışları 3-6 mart tarixlərində keçirilib. İlk dəfə
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən
yarışda 24 ölkədən 438 gimnast iştirak edib. Yarışda 13-19 yaş
kateqoriyasında Azərbaycan qadın qrupu birinci yeri tutub.

Teqlər: