Göyçayda qızıl mağazasını qarət edən şəxslər saxlanılıb.
Göyçay şəhəri ərazisində yerləşən qızıl mağazasından oğurluq
edilib. Zərəçəkən Rayon Polis Şöbəsinə müraciət edərək 45 000 manat
dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum
şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə
şübhəli bilinən rayonun Bəydövül kənd sakini Əfsun Səlimzadə və iki
yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təhvil
verilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər mağazadan
oğurluq etməyi bir neçə gün əvvəl planlaşdırıblar. Martın 26-da
planlarını reallaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayanlardan
biri mağazaya daxil olub. Satıcının yerində olmamasından istifadə
edərək qızılları götürüb, oradan uzaqlaşmaq istəyərkən çıxışda
mağazanın sahibi ilə rastlaşıb. Əvvəlcədən üzərində götürdüyü
oyuncaq tapança ilə ona hədə-qorxu gəlib və qaçmağa başlayıb.
Oğurladıqlarını bir qədər aralıda onu gözləyən Əfsun Səlimzadəyə
verdikdən sonra iz itirmək məqsədilə ayrı-ayrı istiqamətlərdə
hərəkət ediblər. Ə.Səlimzadə isə həmkəndlisi olan digər yetkinlik
yaşına çatmayan şəxsin yaşadığı ünvana gedib və qızılları şüşə qaba
qoyaraq birlikdə torpağa basdırıblar. Məqsədləri bir müddət
keçdikdən sonra Bakı şəhərinə getmək və oğurladıqlarını paytaxtda
satdıqdan sonra əldə etdikləri pulu öz aralarında bölmək olub.
Faktla bağlı cinayət işi başlanılıb və torpağa basdırılmış
qızıl-zinət əşyaları həmin yerdən maddi sübut kimi götürülərək
istintaqa təqdim olunub.